EKOLOGİYA
Dənizkənarı Milli Parkda növbəti “Azərbaycanın milli parklarının tanıtımı” tədbiri keçiriləcək
11 avqust 2024-cü il tarixində saat 18:00-da Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçiriləcək.
"Biomüxtəliflik-təbiətin harmoniyası" devizi altında baş tutacaq tədbirdə vətəndaşlar milli parkların tanıtımını əks etdirən stendləri gəzərək ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı qazanacaqlar.
Tədbirdə milli parklara aid videoçarxlar nümayiş etdiriləcək, ekoturizm marşrutları, xüsusi mühafizə olunan təbiət ərazilərinin flora və faunasına aid tanışlıq guşələri yer alacaq, həmçinin ziyarətçilərə asudə vaxtlarını təbiət qoynunda necə maraqlı keçirə biləcəkləri haqqında məlumat veriləcək.
Eyni zamanda, tədbirdə interaktiv zona yaradılacaq, iştirakçılar arasında ekoviktorina təşkil ediləcək, həvəskar rəssamlar və könüllülər milli parklara aid rəsmlər çəkəcək, müxtəlif yaş qrupundan olan uşaqlar üçün təbiətdə oyunlar konsepsiyası, intellektual inkişaf oyunları, art terapiya təşkil olunacaq.