Avropaya “yaşıl enerji” ixracı ölkəmiz üçün prioritet məsələlərdən birinə çevrilib
Ölkəmizin ev sahibliyi edəcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı hazırda bir sıra ölkələrin iqlim dəyişikliyinin təsirlərini azaltmaq, mövcud vəziyyətə uyğunlaşmaq üçün strategiyaların müzakirəsi baxımından fəal platform rolunu oynayır. Planetin demək olar ki, hər bir ölkəsindən nümayəndələr hər il bir araya gələrək, geosiyasi sərhədləri aşan əməkdaşlıq ruhunu gücləndirirlər. Danışıqların məqsədi ölkələri istixana qazı emissiyalarını azaltmaq səylərində istiqamətləndirən məcburi öhdəliklər və çərçivələr yaratmaqdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yaşıl enerjiyə keçid strategiyası, reallaşdırılan layihələr ölkəmizin dünyadakı hərbi-siyasi, iqtisadi təlatümlər şəraitində qlobal investisiya layihələrini uğurla reallaşdırmasının daha bir mühüm göstəricisidir. İstifadəyə verilən su, külək və günəş elektrik stansiyaları istər ölkəmizin enerjiyə artan tələbatının ödənilməsi, istərsə də “yaşıl enerji”nin ixracı sahəsində imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Qlobal əhəmiyyətli bu layihələrə maraq, eyni zamanda, Azərbaycanın alternativ və bərpa olunan enerji istehsalı sahəsində zəngin potensiala malik olmasının göstəricisidir. Respublikamız son illərdə bu sahənin inkişafına daha çox investisiya yönəltməklə, perspektivdə Avropanın elektrik enerjisi ilə təchizatında mühüm rol oynamaq niyyətindədir.
Son üç ildə Birləşmiş Ərəb Əmirliklərinin dünyada tanınan, böyük təcrübəsi olan, 30-dan artıq ölkədə “yaşıl enerji” layihələri həyata keçən “Masdar”, eləcə də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətlərinin Azərbaycana böyük həcmdə investisiya yatırmaları ölkəmizdə münbit investisiya iqliminin mövcudluğunu bir daha təsdiqləyir. Eyni zamanda, dünyanın əksər ölkələri və nüfuzlu şirkətləri Azərbaycanı öhdəliklərinə sadiq etibarlı tərəfdaş kimi qəbul edirlər.
Ekologiya.az