Tam versiya
Ana səhifə EKOLOGİYA Metsamor AES-in radioaktiv tullantıları Araza axıdılır?
EKOLOGİYA

Metsamor AES-in radioaktiv tullantıları Araza axıdılır?


Ekspert: “Bakıdakı su yaxşıdırsa, niyə bütün vəzifəli adamlar evlərində...”

“Metsamor AES-in radiaktiv tullantıları Araza axıdılır, Arazla Kürə, Kürlə də Bakıya gəlir. Bu, faktdır. Bu barədə hələ 15 il qabaq dəyərli alimimiz Məmməd Salmanov da həyəcan təbili çalmışdı. Lakin məndən başqa buna reaksiya verən və gündəmə gətirən olmadı”. Sosioloq, su təchizatı ilə bağlı ekspert Elçin Bayramlı “Yeni Müsavat”a belə deyib.

Onun sözlərinə görə, su təchizatı ilə məşğul olan qurumlar deyir ki, Bakıya verilən su  təmizdir: “Bakıdakı su yaxşıdırsa, niyə bütün  vəzifəli adamlar evlərində bahalı su filtr aparatları quraşdırıb? Üstəlik, Gürcüstanın və bizim bir çox şəhərlərin bütün kanalizasiyası, zavodların təhlükəli kimyəvi tullantıları da Kürə axıdılır. Suya bir az xlor vurmaqla  çox sayda təhlükəli maddələri təmizləmək olmur. Xlor onların heç on faizini belə təmizləmir. Ona görə də xloru normadan artıq vururlar. Bu da orqanizmə ciddi zərər vurur. Son dövrlər xəstəliklərin artmasının da səbəbi məhz içməli suyun  çirkli olmasıdır. Suyu anbarlarda saxladıqda lil çökür. Amma molekulyar tərkibi dəyişmir. Tərkibindəki bakteriyalar, kimyəvi maddələr yoxa çıxmır. Müasir ultrakimyəvi maddələri, qaynama temperaturunda belə ölməyən bakteriyaları suyu saxlamaqla, ya da qaynatmaqla məhv etmək olmur. Su filtrləri çıxış yollarından biridir. Bu filtrlər faydalı mineralları tutsa da, bütün zərərli maddələri tutur və saf su verir. Ona görə də istisnasız olaraq bütün imkanlı və vəzifəli şəxslər evlərində filtr aparatları quraşdırıb. Bu aparatların da normalı 1000 manatdan başlayır və hər adam ala bilmir. Nəticədə imkanlı təbəqədən fərqli olaraq kasıb təbəqə təhlükə altında qalır. Bununla bağlı çox ciddi tədbirlər görülməlidir”.

Qeyd edək ki, 2024-cü il, martın 21-də Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçilərinin Nüvə Enerjisi Sammitinin rəhbərliyinə ünvanladıqları məktubda da bu məsələyə toxunulub. Qeyd edilir ki, Metsamor Atom Elektrik Stansiyasının maye tullantıları son nəticədə transsərhəd çayı olan Araz çayına axıdılır: “Bu stansiya su qıtlığı olan ərazidə yerləşir, köhnələn reaktorunu soyutmaq üçün su dərinlikdəki quyulardan götürülür. Zəlzələlər zamanı yeraltı suların səviyyəsinin və axınların istiqamətinin dəyişməsi mümkündür, bu isə soyutma sisteminin etibarsızlığını aydın nümayiş etdirir.

Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılması da böyük narahatlıq doğurur. Ermənistan ərazisində 200-dən artıq radioaktiv mənbələr mövcuddur. Bu mənbələr sırasına müxtəlif növ izotoplar daxildir. Ermənistanda radioaktiv izotoplarla əlaqədar qaçaqmalçılıq faktları da mövcuddur. Bu, radionuklidlərin terror məqsədilə istifadə edilməsi ehtimalını artırır.

Metsamor Atom Elektrik Stansiyasının tullantılarının yerləşdirildiyi poliqonların artıq dolduğu və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi və digər aidiyyəti beynəlxalq qurumları bu sahədə əsas təsirlənən ölkə kimi Azərbaycan Respublikası ilə sıx əməkdaşlığa çağırırıq".

Məktubda 30-dan çox QHT-nin imzası var.

Paylaş:
Tam mətni oxu →