BMT-də COP29 Sədrliyinin irəli sürdüyü “Multisektoral Fəaliyyət Yolları” təşəbbüsünə həsr olunmuş konfrans keçirilib
BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsi çərçivəsində BMT-nin baş qərargahında COP Sədrliyi, BMT-nin İnsan Məskunlaşmaları Proqramı və “Davamlılıq üçün Yerli Hökumətlər” (ICLEI) təşkilatının birgə təşkilatçılığı ilə “İqlimə Dayanıqlı və Sağlam Şəhərlərin Yaradılması Naminə Multisektoral Fəaliyyət Yolları (MAP)” adlı konfrans keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbirin keçirilməsində məqsəd COP29 Sədrliyi tərəfindən irəli sürülən “Dayanıqlı və Sağlam Şəhərlərə aparan Multisektoral Fəaliyyət Yolları (MAP)” təşəbbüsünün təfərrüatları barədə iştirakçıları məlumatlandırmaqdır.
Tədbirin açılış hissəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edərək bildirib ki, Azərbaycan qlobal gündəliyə sadiqdir və iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması tədbirlərini özündə birləşdirən milli inkişaf məqsədlərinə nail olmaq istiqamətində irəliləyir. Onun sözlərinə görə, neft və qaz sektorunda əsas aktorlardan biri olmaqla yanaşı Azərbaycan “yaşıl enerji”nin gələcəyinə hədəflənib və 2030-cu ilə qədər bərpaolunan enerji sektorunun payını 30 faizə çatdırmaq niyyətindədir.
O əlavə edib ki, iqlim çağırışları çoxdövlətli və çoxsektorlu əməkdaşlıq tələb edir və milli və lokal hökumətlər, özəl sektor və beynəlxalq ictimaiyyətin əməkdaşlığı nəticəsində Paris sazişinin məqsədlərinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq mümkündür.
Anar Quliyev Azərbaycanın 2026-cı ildə 13-cü Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini vurğulayıb və COP29 çərçivəsində veriləcək qərarların forumda nəzərdən keçiriləcək vacib qərarların qəbuluna gətirib çıxaracağına əmin olduğunu bildirib.
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rozbax və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi bölməsinin direktoru Sesiliya Kinusiya Nyenqa çıxışlarında iqlim dəyişikliyi ilə mübarizədə şəhərlərin oynadığı mühüm rol haqqında danışıb, dayanıqlı və sağlam şəhərlərin salınması üçün multisektoral əməkdaşlığın əhəmiyyətindən danışıblar.
Tədbir çərçivəsində iki panel təşkil edilib. BMT-nin İnsan Məskunlaşmaları Proqramının nümayəndəsi Lea Ranalderin moderatorluğu ilə “Şəhərlərdə multisektoral iqlim fəaliyyəti və COP29-un rolu” mövzusunda təşkil edilmiş paneldə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan, Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Selest Saulo, Türkiyənin Ekologiya Nazirliyində İqlim Dəyişikliyi bölməsinin direktoru Halil Hasar, Finlandiyanın Turku şəhərinin meri və İCLEİ-nin birinci vitse-prezidenti Mina Arv və “Bloomberg” təşkilatının nümayəndəsi Meqan Ross çıxış edərək şəhər iqlimi fəaliyyətində mövcud təşəbbüslər və mexanizmlər üzrə irəliləyişlər və ən yaxşı təcrübələr barədə danışıblar. Paneldə natiqlər MAP təşəbbüsünün innovativliyini, o cümlədən bir tərəfdən indiyədək COP çərçivəsində irəli sürülən təşəbbüslərdə əks etdirilməmiş yeni sahələri əhatə etdiyini, digər tərəfdən isə bu təşəbbüslərlə Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü arasında sinerjinin yaranmasına töhfə verəcəyini vurğulayıblar. Meqan Ross çıxışında COP29 Şəhərsalma Günü çərçivəsində keçiriləcək Şəhərsalma və İqlim dəyişikliyi üzrə yüksək səviyyəli iclasa “Bloomberg” tərəfindən ediləcək dəstək haqqında məlumat verib.
Daha sonra “Yerli iqlim maliyyəsinin sürətlənməsi üçün əməkdaşlığın inkişafı” mövzusu üzrə ikinci panel təşkil edilib. Paneldə Dünya Bankının Ətraf Mühit bölməsinin direktoru Valeriya Hikey, Şəhərlərdə İqlim Maliyyəsinə Liderlik Alyansının direktor müavini Prissilla Neqreyros, Beynəlxalq Maliyyə Korporasiyasının İqlim Strategiyası və Biznes bölməsinin baş meneceri Dip Nyungen Van Hut, Asiya İnkişaf Bankının İqlim Dəyişikliyi bölməsinin direktoru Noel Obrayan və son olaraq Asiya İnfrastruktur İnkişaf Bankının iqlim üzrə məsul əməkdaşı Çanping Şiye dayanıqlı və sağlam şəhərlərin qurulması üçün iqlim maliyyəsinin şəhərlərə istiqamətlənməsinin əhəmiyyətindən bəhs ediblər və MAP təşəbbüsünün bu sahədə qlobal maliyyələşmənin artırılmasına töhfə verəcəyini qeyd ediblər.
Son olaraq COP29 üzrə baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edərək maliyyə axınını artırmaq üçün şəhərlər və iqlim fondları arasında daha möhkəm körpünün qurulması üçün əməkdaşlığın vacibliyini qeyd edib. O, MAP Bəyannaməsi barədə danışıb və Şəhərsalma Günü çərçivəsində noyabrın 20-də COP29 çərçivəsində keçiriləcək Şəhərsalma və İqlim üzrə Nazirlərin 3-cü görüşü haqqında qısa məlumat verilib. Bildirib ki, MAP bəyannaməsi BMT agentlikləri və hökumətlərarası təşkilatlar, xeyriyyə təşkilatları, donorlar, çoxtərəfli inkişaf banklarına şəhər iqliminin maliyyələşməsi və maliyyələşmənin koordinasiyası üçün güclü əməkdaşlığa çağırış edəcək. O, çıxışında Şəhərlərin İqlim Fəaliyyəti üçün Bakı Davamlılıq Koalisiyasının yaradılacağını, MAP Bəyannaməsinə ölkələr və təşkilatların qoşula biləcəklərini qeyd edib.