EKOLOGİYA
Qlobal istiləşmə və atmosferə atılan karbon emissiyalarının artması bu gün bütün dünyanı narahat edən əsas məsələlərdəndir. İstixana effekti yaradan qazların səbəb olduğu iqlim dəyişmələrinin qarşısının alınması, neqativ təsirlərinin azaldılması üçün dünya ölkələri, beynəlxalq şirkətlər, institutlar, vətəndaş cəmiyyətləri səfərbər olaraq, ciddi addımlar atırlar.Bəs Azərbaycanın enerji nəhəngi olan Dövlət Neft Şirkətində (SOCAR) istixana qazları emissiyalarının azaldılması istiqamətində hansı işlər həyata keçirilir?SOCAR öz istehsal fəaliyyəti nəticəsində atmosferə buraxılan istixana effekti yaradan qazların könüllü olaraq azaldılması üçün məqsədyönlü fəaliyyət göstərməkdədir. Bu fəaliyyət həm SOCAR-ın sosial öhdəliyi, həm də beynəlxalq səviyyəli şirkət olaraq ətraf mühit məsələlərinə verdiyi önəmin göstəricisidir.Neft-qaz əməliyyatları zamanı formalaşan istilik effekti yaradan qazların inventarlaşdırılması üçün BMT-nin İqlim Dəyişmələri üzrə Hökümətlərarası Panelin (Intergovernmental Panel on Climate Change - IPCC) metodoloji sənədlərinə istinad edilməklə, “Stasionar mənbələrdə yandırma prosesində istilik effekti yaradan qazların hesablanması Metodikası” hazırlanıb. Qeyd olunan metodika müvafiq dövlət orqanları və Nazirlər Kabineti ilə razılaşdırılmaqla, SOCAR tərəfindən təsdiq edilib. Bu metodikadan istifadə etməklə, SOCAR-ın birbaşa strukturuna daxil olan müəssisələr, şirkətin iştirak etdiyi layihələr, habelə elektrik enerjisi təchizatı və xidmət sektorunu əhatə etməklə istixana effekti yaradan qazların həcminin hesablanması mümkündür. Hazırda bu metodikanın daha da təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üzərində iş aparılır.Bütün dəyər zənciri boyunca metan emissiyaları azaldılırSOCAR qlobal istiləşmədə əsas rol oynayan metan emissiyalarının azaldılmasını daim diqqətdə saxlayır. Bu istiqamətdə fəaliyyətin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması məqsədilə SOCAR “MGP” təşəbbüsünün üzvüdür. “MGP” hasilatdan istehlaka qədər neft-qaz əməliyyatlarının bütün dəyər zənciri boyunca metan emissiyalarının azaldılması üzrə əsas prioritetləri müəyyən edən qlobal nüfuzlu təsisatdır. Təşəbbüs çərçivəsində üzv şirkətlər tərəfindən metan emissiyalarının azaldılması sahəsində yeni metodologiya və prosedurların hazırlanması, müasir texnologiyaların tətbiqi, emissiyalara dair hesabatvermə, həmçinin bu istiqamətdə əldə olunan qabaqcıl təcrübələrin bölüşülməsi kimi fəaliyyətlər həyata keçirilir. SOCAR illik olaraq “MGP”nin sorğu formalarına uyğun metan emissiyaları haqqında məlumatları təşkilata təqdim edir. Bundan əlavə, Dövlət Neft Şirkəti BP ilə birlikdə Azərbaycanda qabaqcıl sənaye liderləri kimi “MGP” çərçivəsində Qlobal Metanın Azaldılması (Advancing Global Methane Reduction - AGMR) təşəbbüsünü icra edir. Təşəbbüsün əsas məqsədi BP və SOCAR tərəfindən Azərbaycanda fəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiyalarının ölçülməsi, azaldılması fəaliyyətlərinin təşviq edilməsi, bu sahədə hesabatlılığın təmin olunması, bilik və bacarıqların təkmilləşdirilməsi, habelə mövcud ən yaxşı texnologiyaların tətbiqini dəstəkləməkdən ibarətdir. Bu təşəbbüs çərçivəsində 15 dekabr 2023-cü il tarixində Bakı Ali Neft Məktəbində açılış konfransı keçirilib. 2024-cü ilin aprel ayında təşəbbüs çərçivəsində xidmət təchizatçılarının nümayəndələri üçün “Neft Daşları” və “Səngəçal” terminalına sahə səfərləri təşkil edilib.Bu il aprelin 23-də SOCAR-ın Eko-Parkında sözügedən təşəbbüs çərçivəsində SOCAR-ın, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft-qaz şirkətlərinin, operator təşkilatların, BMT-nin Ətraf Mühit Proqramının (United Nations Environment Programme - UNEP), Avropa Komissiyasının, "Neft və Qaz İqlim Təşəbbüsü" təşkilatının (Oil and Gas Climate Initiative - OGCI), Beynəlxalq Enerji Agentliyinin (International Energy Agency - IEA), Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının (The International Association of Oil & Gas Producers - IOGP), Dünya Bankının, Ətraf Mühitin Müdafiəsi Fondunun (Environmental Defense Fund - EDF), Alman Aerokosmik Mərkəzinin (DLR), “GHGSat”, “Baker Hughes”, “SLB” kimi şirkətlərin nümayəndələrinin iştirakı ilə növbəti beynəlxalq konfrans keçirilib.Tədbir zamanı Paris Sazişi və onun müddəalarının icrası, neft-qaz əməliyyatlarının bütün dəyər zəncirində metan emissiyalarının monitorinqi, onların azaldılmasında müasir texnologiyaların rolu, dron və peyk əsaslı texnologiyaların tətbiqi, “OGMP 2.0” və onun hesabatlıq tələbləri, Azərbaycanda metan emissiyalarının azaldılması potensialı və bu sahədə texnoloji həllərin tətbiqi, ən yaxşı beynəlxalq təcrübələrə dair nümunələr habelə “LDAR” layihələrinin icrasına dair təqdimatlar edilib və müzakirələr aparılıb.