EKOLOGİYA
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi Azərbaycan iqtisadiyyatının yaşıl, dayanıqlı və alternativ iqtisadi fəaliyyətlərə transformasiya olunmasına gətirib çıxaracaq.Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.Onun sözlərinə görə, COP29-dan sonra Azərbaycanın nəqliyyat sistemi tam formada dəyişə bilər:“COP29-dan sonra bərpa olunan enerjiyə keçid və suyun təkrar emalı, eləcə də təsərrüfat məqsədli istifadəsində biznesin iştirakı arta bilər. Bu da su ilə bağlı problemləri aradan qaldıraraq suyun daha səmərəli şəkildə istifadəsini təmin etməklə yanaşı, aqrar sektorda müşahidə edilən su çatışmazlığından qaynaqlanan məhsuldarlığın zəifləməsinin qarşısını alacaq. Bundan başqa, ölkənin nəqliyyat sistemi də tam formada dəyişə bilər. Ekoloji təmiz nəqliyyata keçid özlüyündə əhalinin ümumi orta səviyyəsinin qalxmasına səbəb olacaq. Bütün bunların ekologiyaya təsiri davamlı su təminatı, uzunömürlülük, çirklənməmiş ərazilər və təmiz havadır”. Rəşad Həsənov Konseptual yanaşma olmalıdırEkspert bildirib ki, Azərbaycan da iqlim dəyişikliyindən ciddi şəkildə təsirlənən ölkələr siyahısındadır:“Dünyada hər bir ölkə və icma iqlim dəyişikliyini hiss etməyə başlayıb. Azərbaycan da iqlim dəyişikliyindən ciddi şəkildə təsirlənən ölkələr siyahısındadır. Quraqlıq, Xəzər dənizinin quruması ölkənin gələcəyi baxımından ciddi təhlükələr yaradır. COP29 tədbiri çərçivəsində bu məsələnin ictimaiyyətdə daha aktual şəkildə gündəmə gətirilməsi müəyyən mənada icma davranışlarına öz töhfəsini verəcək. Amma nəzərə almaq lazımdır ki, proses o qədər də bəsit deyil. Təkcə COP29-un tədbirləri çərçivəsində baş tutan kompaniyalar məsələnin həllinə gətirib çıxara bilməz. Bununla bağlı konseptual yanaşma ortaya qoyulmalıdır”.İqtisadçı Azərbaycanda keçiriləcək müzakirələr və hökumət tərəfindən gələcəkdə atılması planlaşdırılan tədbirlərin yerli vətəndaşların ətraf mühitə qarşı həssas və məsuliyyətli yanaşmasına təhrik edəcəyini deyib.İctimai birliklər, biznes, hökumət və mediadan birgə iş tələb olunur“Bu gün dünyada yeni enerji keçidi və ya digər adla yaşıl energetikaya keçid bütün sahələrdə özünü göstərir. COP29 konfransı yerli əhalinin bəşəriyyətin gələcəyi ilə bağlı məlumatlandırılması baxımından vacibdir. Bu proses şüur inkişafının növbəti mərhələsidir və qlobal iqlim dəyişikliyi, eləcə də temperatur artımı ilə bağlı üzləşdiyimiz problemin həlli üçün insanlar ətraf mühitə və çevrəsinə, o cümlədən birgə yaşadığı ekosistemə qarşı həssas və məsuliyyətli davranmaq məcburiyyətindədir”, - ekspert vurğulayıb.