Meşələrin Qorunması üçün Bölgələrdə Kompleks Tədbirlər Görülür - VIDEO+FOTO
Şəki şəhəri, eləcə də Qax, Balakən, Zaqatala və Oğuz rayonlarında meşələrin mühafizəsi istiqamətində tədbirlər davam etdirilir. Əməkdaşlarımızın bölgələrdə apardığı müşahidələr və yerli sakinlərlə söhbətlər zamanı bildirilib ki, meşə sahələri tam nəzarətdə saxlanılır, qanunsuz ağac kəsiminin qarşısının alınması üçün mühafizə tədbirləri gücləndirilib.
Sakinlərin sözlərinə görə, əhali odun tələbatını qanuni qaydada, müvafiq sənədləşmə və bilet sistemi vasitəsilə rahat şəkildə təmin edə bilir. Bu da qanunsuz qırıntı hallarının azalmasına müsbət təsir göstərir.
Bununla yanaşı, yay mövsümünün yaxınlaşması ilə əlaqədar meşə ərazilərində yanğın təhlükəsinə qarşı nəzarət daha da artırılıb, maarifləndirici tədbirlər həyata keçirilir, əməkdaşlar növbəli şəkildə xidmət aparırlar. Ərazilərdə yanğına qarşı zolaqların salınması, quru ot və tullantıların təmizlənməsi istiqamətində də işlər görülür.Bundan meşələrin qorunması məqsədilə çəpərlənmə işləri də sürətlə davam etdirilir. Görülən bu tədbirlər mal-qaranın meşə və yeni salınmış yaşıllıq ərazilərinə daxil olmasının, eləcə də kənar şəxslərin müdaxiləsinin qarşısını almağa xidmət edir. Mütəxəssislər bildirirlər ki, çəpərlənmə işləri həm yeni əkilən tinglərin qorunması, həm də meşəbərpa sahələrinin mühafizəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda bölgələrdə yeni meşə və yaşıllıq sahələrinin salınması, ağacəkmə aksiyalarının təşkili və meşəbərpa tədbirləri davam etdirilir. Məqsəd ekoloji tarazlığın qorunması və yaşıllıq sahələrinin daha da genişləndirilməsidir.