MEŞƏ
Bakıda hər tərəfi yaşıllıq və ağaclar olan Milli Elmlər Akademiyasının şəhərciyində yerini az insanın bildiyi, əksəriyyətin hələ yeni olduğundan gedib, görə bilmədiyi bir park var. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə salınan Nadir ağaclar parkı...Adından da göründüyü kimi, bu parkda nadir ağaclar və kollar əkilib. Parka necə qulluq edildiyini, hansı ağacların hansı baxımı tələb etdiyini, ziyarətçilər üçün necə şərait yaradıldığını öyrənmək məqsədilə elə yerindəcə tanış olmaq qərarına gəldik.Açığını desəm, parkın yerini tapmaq özümüz üçün də bir az çətin oldu. Mərkəzi Elmi Kitabxanada AMEA şəhərciyinə doğru hərəkət edərək, nadir ağacları axtarmağa başladıq.Hüquq və İnsan Haqları İnstitutunun yanındakı, əvvəllər kol-kos basmış, şəhərcikdə aparılan təmir işləri ilə əlaqədar inşaat tullantılarının atıldığı, yaşıllıq içində xarabalığı xatırladan həmin o yerə gəlib çatdıq.Amma bu ərazidə həmin xarabalıqdan əsər-əlamət qalmayıbmış. Bizi Nadir ağaclar parkında AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova qarşıladı. O, ağaclar haqqında bir-bir məlumat verərkən, onların hər birinin ayrı-ayrı rayonlarımızdan gətirildiyini xüsusi qeyd etdi.Nadir ağaclar parkında hələlik xaricdən gətirilən hansısa ağac əkilməyib. Amma akademik bildirdi ki, bu təklif nəzərdə saxlanılır:“Məqsədimiz parkın ərazisini genişləndirməkdir. Hələlik isə nadir ağacların burada uyğunlaşması prosesi davam edir. Ölkəmizin iqlim şəraitinə uyğun, dözümlü, nadir dekorativ 50 ağac və 50 kol bitkisi əkilib. Nadir ağaclar parkında Qafqaz xurması, Hirkan ağcaqayını, Lənkəran akasiyası, Vələsyarpaq azatağac, Dəmirağac, Şabalıdyarpaq palıd, Şərq çinarı və digər tinglər boy atır.Burada əkilənlər nəsli kəsilməkdə olan, həssas ağaclardır. Onların hər yerdə böyüməsi çətin məsələdir. Hər biri ayrı-ayrı bölgəmizdən gətirilib. Ağacları gətirmək, onları burada iqlimləşdirmək, böyütmək kifayət qədər çətin və vaxtaparan prosesdir. Bir ildən çoxdur ağacları əkmişik, onlara mütəmadi qulluq olunur və içərisində quruyan, solan tinglər olmayıb.Ağacların qorunması, suvarılması Akademiya şəhərciyinin əməkdaşlarına aiddir. Bağbanlar Nadir ağaclar parkına nəzarət və qulluq edirlər”.AMEA-nın vitse-prezidenti “Qırmızı kitab”ın əhəmiyyətindən danışarkən vurğulayıb ki, bu siyahıda ancaq Azərbaycan florasına aid olan, nəsli kəsilmək təhlükəsi ilə üz-üzə bitki və ağaclar yer alıb:“Qırmızı kitab”da xaricdən gətirilən ağac və ya kol yoxdur. Biz öz floramıza aid tükənməkdə olan bitki və ağacları qorumağa çalışırıq. Ona görə, Nadir ağaclar parkında da məhz yerli nadir ağac sortları əkilib. İradə Hüseynova
Məsələn, buradakı Şərq çinarı nadir ağaclar siyahısındadır. Zəngilan rayonu vaxtilə Avropada Şərq çinarının ən çox yayıldığı ərazi idi və sıx meşəlik idi. O meşənin böyük bir hissəsini yandırıb, qırıb, Ermənistana daşıyıblar. Bunun kimi bir çox bitki növlərini araşdırıb, gətirib, istixana şəraitində çoxalda bilərik. Bəzi bitkilərin biotexnoloji yolla çoxaldılması da mümkündür. Bu botaniklər, sahə ilə maraqlanan hər kəs üçün vacib olacaq.