Tam versiya
Ana səhifə MÜSAHİBƏ Fazil Mustafa: Plastikdən imtina gələcəyimizə qoyulan ən dəyərli sərmayədir
MÜSAHİBƏ

Fazil Mustafa: Plastikdən imtina gələcəyimizə qoyulan ən dəyərli sərmayədir


Hər il iyulun 3-ü dünyada Beynəlxalq Plastikdən İmtina Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi birdəfəlik plastik məhsulların istifadəsinin ətraf mühitə vurduğu zərərə diqqət çəkmək, insanları daha ekoloji və davamlı alternativlərə yönləndirməkdir. Mütəxəssislər bildirirlər ki, plastik tullantılar təkcə torpaq və su hövzələrini çirkləndirmir, eyni zamanda canlı aləmə və insan sağlamlığına da ciddi təhlükə yaradır. Xüsusilə son illərdə mikroplastiklərin qida zəncirinə daxil olması bu problemin miqyasını daha da böyüdüb.

 Azərbaycanda da plastik tullantıların azaldılması və ətraf mühitin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rolu xüsusi qeyd olunmalıdır. Nazirlik illərdir ekoloji tarazlığın qorunması, tullantıların düzgün idarə olunması, təkrar emal mədəniyyətinin təşviqi və ictimai maarifləndirmənin gücləndirilməsi istiqamətində mühüm layihələr reallaşdırır. Xüsusilə plastik tullantıların azaldılması ilə bağlı həyata keçirilən təşəbbüslər cəmiyyətin ekoloji məsuliyyətinin artırılmasına ciddi töhfə verir.

Milli Məclisin komitə sədri Fazil Mustafa Ekologiya.az-a açıqlamasında deyib ki, bu günün qeyd olunması insanları bu məsələyə daha həssas yanaşmağa çağırır:

“Artıq bu istiqamətdə konkret addımlar atmağın vaxtıdır. Plastikdən imtina edilməsi ümumi rifahımız və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahədə hər kəsin səfərbər olması vacibdir. Bununla bağlı qanunvericilikdə də kifayət qədər ciddi addımlar atılıb. Azərbaycanda plastikdən istifadənin məhdudlaşdırılması məqsədilə müəyyən norma və qaydalar qəbul olunub. Lakin bu məsələ yalnız hüquqi tənzimləmə ilə məhdudlaşmamalı, eyni zamanda cəmiyyət daxilində geniş maarifləndirmə kampaniyasına çevrilməlidir. Hər kəs plastikin ekologiyaya və insan sağlamlığına zərərli təsirlərini dərk etməli, daha təbii və ekoloji cəhətdən təhlükəsiz alternativlərə üstünlük verməlidir. Bu yanaşma həm qablaşdırma sahəsində, həm də nəqliyyat və ticarət şəbəkələrində daha geniş tətbiq olunmalıdır”.


Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan maarifləndirici kampaniyalar, təmizlik aksiyaları, monitorinqlər və nəzarət tədbirləri ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətinin səmərəli icrasını nümayiş etdirir. Nazirliyin bu istiqamətdə həm dövlət qurumları, həm özəl sektor, həm də vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməsi ekoloji problemlərin kompleks həllinə imkan yaradır. Eyni zamanda, plastikdən istifadənin məhdudlaşdırılması ilə bağlı çağırışlar və təşəbbüslər gələcək nəsillər üçün daha sağlam və təhlükəsiz mühitin formalaşdırılmasına xidmət edir. Bu günün qeyd olunması bir daha göstərir ki, plastikdən imtina yalnız fərdi seçim deyil, həm də qlobal ekoloji məsuliyyətdir. Hər bir vətəndaşın gündəlik həyatında kiçik dəyişikliklər etməsi təkrar istifadə oluna bilən çantalardan, qablaşdırmalardan və alternativ materiallardan istifadə etməsi böyük nəticələr doğura bilər. Ətraf mühitin qorunması istiqamətində dövlətin, xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gördüyü işlər bu mübarizədə mühüm dayaq olmaqla yanaşı, cəmiyyət üçün də nümunə rolunu oynayır.

Aysel Muxtar

Paylaş:
Tam mətni oxu →