MÜSAHİBƏ
Erməni işğalından azad olunan Qarabağ və Şərqi Zəngəzurda hazırda meşəbərpa işləri həyata keçirilir, meşələrimizə, bölgənin ətraf mühitinə, fauna və florasına dəymiş ziyanlar hesablanır və aradan qaldırılması istiqamətində tədbirlər görülür. Həmin ərazilərdə milli parklar və təbiət qoruqlarının yaradılması layihələri üzərində iş aparılır. Ümumilikdə, ölkə ərazisində yaşıllıqların salınması davam etdirilir. Bundan başqa, "Qırmızı Kitab"ın son nəşrinə düşmüş fauna və flora növlərinin qorunması istiqamətində də addımlar atılır.Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Report”a müsahibəsində bu sahədə görülən işlər, qarşıda duran vəzifələr və planlardan danışıb.Həmin müsahibəni təqdim edirik.- Azərbaycanın meşə sahələrində hər ilin yaz və payız mövsümlərində meşəbərpa tədbirləri aparılır, yaşıllıqların miqyası genişlənir. Son 5 ildə nə qədər ərazidə meşəbərpa tədbirləri görülüb?- Məlumdur ki, Azərbaycan ərazisinin cəmi 11,8%-i meşə örtüyü altındadır. Bu baxımdan meşə örtüklü ərazilərimizin artırılması, yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilir. Son beş ildə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının 12 min hektarında 9 milyondan çox ağac-kol tingi əkilib, genişmiqyaslı meşəbərpa işləri aparılıb, ərazilərə 165 tondan çox yerli meşə cinslərinin toxumları səpilib. Qeyri-meşə fondu ərazilərində, xüsusən Abşeron yarımadası və ətraf ərazilərdə yaşıllaşdırma işlərinin aparılması üçün tədbirlər görülüb və proses davam edir.“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC tərəfindən 3000 hektar ərazidə 2,4 milyondan çox ağac və kol tingi əkilib. Əkin işləri əsasən Müşfiqabad qəsəbəsi və Xocəsən gölünün ətrafında, Bayıl yamacında, hava limanından şəhərə doğru gələn Zığ şosesinin sağ və sol istiqamətlərində, paytaxtdan şimal-qərb istiqamətində çıxan Bakı-Şamaxı, şimal istiqamətində çıxan Bakı-Quba və cənub-qərb istiqamətində çıxan Bakı-Qazax və Bakı-Astara magistral yollarının kənarlarında həyata keçirilib. - 30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında qalıb və həmin dövrdə meşə fonduna nə qədər ziyan dəyib? Bununla bağlı hesablamalar aparılıbmı?- Ziyan böyük miqyaslıdır. İşğaldan azad olunmuş ərazilərimizdə meşə fondu torpaqlarımız 260 min hektarın üzərindədir. İşğala qədərki dövrdə aparılan meşə quruluşu işlərində həmin ərazilərin 216 min hektarının meşə örtüklü ərazi olduğu göstərilir. 2020-ci il 2-ci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra aparılan monitorinqlər və qiymətləndirmələr nəticəsində məlum olub ki, 54 min hektardan çox meşə ərazimiz tamamilə məhv edilib. Azad olunan ərazilərdə 152 təbiət abidəmiz var. Bunların əksəriyyətinin yaşı 100 illərlə ölçülən ağaclardır. Onlardan 131-i və ya 80%-i məqsədli olaraq tamamilə məhv edilib. 800-1000 il yaşı olan təbiət abidələrimiz, bərpası mümkün olmayacaq dərəcədə sıradan çıxarılıb, hətta kökləri yandırılıb ki pöhrə belə verməsinlər.Təkcə meşə fondu deyil, ərazilərimizdə olan yeraltı təbii sərvətlərə və su ehtiyatlarına da işğalın, təəssüf ki, çox böyük mənfi təsirlərini görürük.İşğaldan azad olunan ərazilərdə 167 faydalı qazıntı yatağımız var, onların 52-də qanunsuz istismar işləri aparılıb. Çox qiymətli, əsasən də əlvan metallar olan yataqlarımız amansızlıqla istismar edilib. Bu məsələlərlə bağlı beynəlxalq ekspertlərin də cəlb olunması ilə qiymətləndirmə aparılır və nəticələr aidiyyəti komissiya və dövlət qurumlarına təqdim olunur. Artıq beynəlxalq məhkəmələrdə bu məsələlərin bir çoxu ilə bağlı iddialar qaldırılıb.- Qarabağ və Şərqi Zəngəzurda hansı layihələr həyata keçirilib, yaşıllaşdırma və meşəbərpa ilə bağlı gələcəkdə hansı işlər nəzərdə tutulur?- Meşəbərpa və biomüxtəlifliyin bərpası ilə bağlı layihələrə artıq başlanılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 60 hektardan çox sahədə-Zəngilan, Cəbrayıl, Füzuli ərazilərində meşəbərpa layihələri həyata keçirilib, daha 160 hektarda isə 130 mindən çox ağac əkilib. Cəbrayılda Türkiyə ilə birgə layihə çərçivəsində Cəbrayıl Meşə Təlim-Tədris Mərkəzi və ağıllı tingçilik kompleksinin tikintisinə başlanılıb, dostluq meşəsi və ətraf ərazilərdə yaşıllıqlar salınıb.2024-2026-cı illər ərzində minatəmizləmə işləri başa çatdıqca 1150 hektar ərazidə meşəbərpa işləri aparmağı planlaşdırmışıq. Bioloji müxtəlifliyin bərpası, tarixən arealları həmin ərazilər olmuş fauna və flora növlərinin qaytarılması ilə bağlı layihələrimiz var. Artıq Şərqi Zəngəzur və Qarabağ ərazisinə 33 baş ceyran, 5 şahin quşu və 4 baş Şərqi Qafqaz turu buraxmışıq.