MÜSAHİBƏ
Alimlər dünyada üç əsas zəlzələ qurşağının olduğunu müəyyən ediblər. Bunların arasında aktivliyinə görə ikinci qurşaq Avropa və Asiya qitələri arasında uzanır. Bu, təxminən Himalay dağlarından Alp dağlarına qədər bir hissəni əhatə edir. Azərbaycan da məhz bu qurşaqda yerləşir.Belə bir coğrafiyada yerləşmək dövlətin tikinti zamanı təbii fəlakətləri lazımınca qiymətləndirməsini zəruri edir. Azərbaycanın aktiv tektonik zonada yerləşməsindən başqa ölkədə sel təhlükəsi və torpaq sürüşmələrinin də rast gəlindiyi ərazilər var. Odur ki, təbii fəlakətlərdən daha az zərərlə çıxmaq üçün qabaqlayıcı tədbirlərin görülməsi də vacibdir.Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov “Report”a müsahibəsində ölkə ərazisində aparılan tikinti işləri zamanı hansı standartların tətbiq olunması, yaşayış binalarda zəlzələyə davamlılığın hansı kriteriyalara əsasən müəyyən edilməsi, təbii fəlakətlər zamanı, həmçinin bu fəlakətlərdən əvvəl önləyici tədbirlərin görülməsi üçün agentliyin fəaliyyət istiqamətləri, tikinti meyarları və s. ilə bağlı sualları cavablandırıb:- Elxan müəllim, Bakıda, eləcə də regionlarda yeni inşa edilən tikililərdə zəlzələyə davamlılıq hansı kriteriyalara əsasən müəyyən olunur?- Azərbaycan seysmik zonada yerləşir. Bu səbəbdən seysmik amillərin tikinti prosesində nəzərə alınması vacibdir. 1961-ci ilə qədər ölkədə inşa edilən tikililərdə zəlzələ faktoru nəzərə alınmırdı. Həmin ildən etibarən Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi 7 ballıq seysmik zonaya aid edilirdi. 1981-ci ildə seysmik rayonlarda yeni tikinti normaları və qaydası təsdiq olundu. Həmin normalara görə, ölkə ərazisinin böyük hissəsi 7 ballıq, 20 faizə qədəri isə 8 ballıq seysmik zona elan olundu. 2010-cu ildə Azərbaycanda milli seysmik rayonlarda dövlət tikinti normaları hazırlanıb. 2010-cu ildən etibarən Azərbaycan ərazisinin 20 faizə qədəri 9 ballıq, qalanı isə 8 ballıq seysmik zonaya aid edilib. Həmin vaxt qəbul olunmuş normalar bu gün də keçərlidir. Tikinti zamanı bu normalara əməl olunmalıdır. Buna nəzarətin bir hissəsini FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi həyata keçirir. Agentlik keçmiş Dövlət Tikinti və Şəhərsalma Komitəsinin bazası əsasında yaradılıb. 2005-ci ildə həmin komitə iki yerə bölünüb. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi təşkil edilərək tikinti fəaliyyətindəki səlahiyyətlər agentliyə verilib. Komitənin memarlıq, şəhərsalmaya aid olan bölümü isə müstəqil fəaliyyətini davam etdirir. Bu gün tikinti prosesinə bizim agentlik nəzarət edir. Bu proses bir neçə mərhələdən ibarətdir. Mərhələnin bir neçə subyektləri var, bunlara sifarişçi, tikintiyə icazə verən orqan, podrat təşkilatı, subpodrat təşkilatı və digərləri aiddir. Şəhərsalma və memarlığa aid olan hissələrə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzarət edir.- Agentlik nəzarət funksiyasını tikintinin hansı mərhələsindən etibarən həyata keçirir?- Bizim agentlik nəzarət funksiyalarını hələ tikinti meydançasında tikinti başlamamışdan əvvəl həyata keçirir. Layihə hazırlanmamışdan əvvəl tikinti aparılacaq yerdə geoloji tədqiqat işləri görülür. Həmin tədqiqatın hesabatı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin geoloji mərkəzinə təqdim olunur. Mərkəzdə geoloji araşdırmaların düzgün aparılıb-aparılmadığı yoxlanılır. Müsbət rəy verildikdən sonra layihəçilər tikiləcək binanın layihəsini, o cümlədən konstruktiv hesabatları hazırlayırlar. Bu işlər başa çatdıqdan sonra agentliyin tərkibində fəaliyyət göstərən Dövlət Baş Ekspertiza İdarəsi layihənin bütün bölmələrini ekspertizadan keçirir. Layihənin tikinti norma və qaydalarına, o cümlədən, seysmik normalara uyğunluğu yoxlanılır, iradlar olduqda onlar aradan qaldırılır. Yalnız bundan sonra müsbət rəy verilir, bu rəydən sonra tikintiyə icazə vermək hüququ yaranır.Bakıda və işğaldan azad olunan ərazilərdə tikintiyə icazəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. Ölkənin digər yerlərində isə bu funksiyanı yerli icra orqanları həyata keçirir. Ekspertizadan sonra müsbət rəy verilərsə, sözügedən orqanlar binanın tikintisinə icazə verə bilərlər. Tikintiyə icazə verən orqan 3 gün ərzində həmin icazənin surətini bizim agentliyin tərkibində fəaliyyət göstərən Dövlət Tikinti Müfəttişliyinə təqdim etməlidir. Ola bilər ki, icazə verilən kimi tikintiyə başlanılmasın, bu halda biz icazəni qeydiyyata alıb gözləyirik. Tikinti sahibi tikintiyə başlayanda layihəni Dövlət Tikinti Müfəttişliyinə təqdim etməli, orada qeydiyyatı yeniləməli, möhürlənmiş dövlət nəzarəti jurnalı almalıdır.Tikinti meydançasında nəzarəti tikinti aparılan ərazi hasara alınandan etibarən həyata keçiririk. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintidə daha üç nəzarət forması var. Birincisi müəllif nəzarətidir. İşlərə başlamamışdan əvvəl layihəni hazırlamış layihə təşkilatı ilə müqavilə bağlanılır. Həmin layihə təşkilatı tikinti prosesində müəllif nəzarətini də həyata keçirir, müəllif nəzarəti jurnalında qeydiyyat aparır, iradlar varsa, qeyd edir. Elxan Əsədov