Görünməz təhlükə - Mikroplastiklər
Mikroplastiklər — ölçüləri 5 mm-dən kiçik olan plastik hissəciklər —həm ətraf mühit, həm də canlı orqanizmlər üçün ciddi təhlükə mənbəyinə çevrilmişdir.
Ən böyük mikroplastik hissəcik belə, bir düyü dənəsindən kiçikdir. Bu mikroplastiklər su, torpaq və hava mühitinə daxil olaraq oradan da qida məhsullarına keçə bilir və nəticədə həm ekosistemlər, həm də qida zənciri çirklənir. Mikroplastiklər iki əsas qrupa bölünür:
İlkin mikroplastiklər – birbaşa mikroskopik ölçüdə istehsal olunan plastiklərdir. Bu qrupa kosmetik vasitələrdəki skrab hissəcikləri, yuyucu vasitələrdəki aşındırıcı toplar və sənayedə istifadə olunan bəzi plastik komponentlər daxildir.
İkincili mikroplastiklər – daha böyük plastik əşyaların (məsələn, su butulkaları, torbalar, plastik qablar və s.) günəş işığı, hava və suyun təsiri nəticəsində zamanla parçalanması ilə yaranır.