Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü+Video/YENİLƏNDİ
Uşaqlar üçün nəzərdə tutulmuş “Humana” qidasının içindən həşərat çıxdığı iddia olunur.
“Qafqazinfo” xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Vətəndaş sözügedən qidanı “Kanon” aptekdən aldığını iddia edib.
O bildirib ki, həşəratların evdə olduğunu düşünərək həmin qidadan yenisini alıb. Lakin yenə eyni mənzərə ilə üzləşib.
Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılacaq.
Həmin görüntüləri təqdim edirik:
***
Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb. Mediada aptekdə satışı həyata keçirilən uşaq qidasında qurd aşkar edilməsi ilə bağlı yayımlanan məlumatlar əsasında AQTA-nın əməkdaşları tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı satışda olan uşaq qidalarının saxlanma şəraiti (temperatur rejimi, mal qonşuluğu), istifadəyə yararlılıq müddətləri yoxlanılıb, eləcə də həmin məhsul partiyasının bir neçəsinin qablaşdırması açılaraq vizual baxış keçirilib və hər hansı uyğunsuzluq aşkar edilməyib. Həmçinin, aptekdə dezinfeksiya tədbirlərinin də aparıldığı müəyyən edilib. Eyni zamanda sözügedən məhsulları ölkəyə idxal edən müəssisənin və satış həyata keçirilən aptekin anbarlarına baxış keçirilib. Hər 2 anbarda saxlanılan məhsullardan nümanələr götürülüb, qablaşdırmaları açılaraq vizual baxış keçirilib və hər hansı uyğunsuzluq aşkar edilməyib, eləcə də məhsulların saxlanma temperaturuna riayət olunduğu müəyyən edilib.
Bu barədə AQTA bildirib.
AQTA qida məhsullarının satışını həyata keçirən şəxslərə çağırış edir ki, saxlama şəraitinə, temperatur rejiminə ciddi şəkildə riayət olunmalıdır. Baş verə biləcək hər hansı uyğunsuzluq hallarına görə məsuliyyət daşıyırlar. İstehlakçıları da məhsulun üzərində etiketlə tanış olmağa və məhsulun saxlama şəraitinə diqqət yetirməyə çağırırıq.