Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat…
Digər ölkələrdə də oxşar dəstək mexanizmləri mövcuddur. Məsələn, Türkiyədə uşaq dünyaya gəldikdən sonra bələdiyyələr tərəfindən müəyyən müddət ərzində maddi yardım göstərilir. Bu vəsait əsasən ilkin ehtiyacların, o cümlədən uşaq bezi kimi zəruri məhsulların alınmasına yönəlir. Qazaxıstanda da yeni doğulan körpələr üçün ailələrə birdəfəlik ödənişlər edilir.
“Bu müavinət xaricində, bütün uşaqlara universal aylıq uşaqpulu sistemi tətbiq edilmir. Uşaqpulu mövzusu uzun illərdir ictimai müzakirə edilir, lakin təəssüf ki, hələ də real nəticə əldə olunmayıb. Əgər uşaqpulu ödənilərsə, gənc ailələrə dəstək olar, ailənin uşaq bezi, qida, dərman xərcləri yüngülləşər. Azərbaycanda uşağın aylıq xərcləri yüksəkdir. İşsizlik həddinin 2-6%, yoxsulluq həddinin 3-4%, minimum əmək haqlarının ölkəmizdəkindən dəfələrlə yüksək olduğu inkişaf etmiş Avropa ölkələrində hər bir uşağa 18 yaşınadək sosial müavinət verilir. Bu istiqamətdə dəfələrlə təkliflərlə çıxış etmişəm”.
“Məsələn, 0-6 yaş qrupları üzrə uşaqlara 100 manat məbləğində müavinət çox asanlıqla təyin edilə bilər. Ölkədəki 0-6 yaş qrupundakı uşaqların cəmi sayının təqribən 1.1 milyon nəfər təşkil etdiyini nəzərə alsaq, hər bir uşaq üçün aylıq 100 manat məbləğində müavinət verilsə, bu, illik 1 milyard 320 milyon manat təşkil edəcək. Bu məbləğin büdcə üçün böyük yük olacağını düşünmürəm.
Ölkədəki 6-18 yaş qrupundakı uşaqların sayının təxminən 1.7 milyon nəfər olduğunu götürsək, hər bir uşaq üçün aylıq 100 manat müavinət banka yatırılsa, 18 yaşına çatan hər bir uşağın bank hesabında 14 min 400 manat vəsait toplanmış olacaq. Beləliklə gənclər 18 yaşına gəldikdə sıfırdan başlamaq məcburiyyətində qalmazlar”.