Dağlıq Şirvan iqtisadi rayonu üzrə 53 min hektardan çox suvarılan sahənin cari ildə suvarma suyu ilə təmin edilməsi planlaşdırılıb.

Ekologiya.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov İsmayıllıda Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsinə həsr olunmuş Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xidmət göstərdiyi ərazilərdə Dağlıq Şirvan iqtisadi rayonu üzrə 53 523 hektar suvarılan sahə mövcuddur.

"Cari il ərzində həmin sahələrin suvarılması üçün ümumilikdə 146,6 milyon kubmetr suvarma suyunun təmin edilməsi nəzərdə tutulub. Bu həcmdən 91 milyon kubmetrdən çoxu dənli və yem bitkilərinin, 55,5 milyon kubmetrdən çoxu isə bostançılıq, tərəvəzçilik, çoxillik əkinlər və həyətyanı sahələrin su təminatına yönəldiləcək".

Onun sözlərinə görə, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında ümumilikdə 1 414,3 kilometr suvarma infrastrukturu fəaliyyət göstərir. Bunun 1 273,3 kilometri açıq, 141 kilometri isə qapalı və borulu suvarma şəbəkəsindən ibarətdir.


"Region üzrə fəaliyyət göstərən 7 Su İstifadəçiləri Birliyi 104 kənddə yaşayan 13 749 su istifadəçisinə xidmət göstərir.

Suvarma infrastrukturunun Coğrafi İnformasiya Sistemlərinə və elektron idarəetmə platformalarına inteqrasiyası real su balansının müəyyənləşdirilməsinə, suvarma planlamasının optimallaşdırılmasına və meliorativ vəziyyətin operativ idarə olunmasına imkan yaradır".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə bu gündən regional müşavirələrə başlanılıb. Regional müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir.

Görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə sistemli şəkildə təşkil olunur.