Paytaxtın bəzi ərazilərində ağaclarda qurdların kütləvi şəkildə müşahidə olunması ilə bağlı mübarizə tədbirləri davam etdirilir. Məsələ ilə əlaqədar mütəxəssislər qurdların müşahidə edildiyi ərazilərə baxış keçiriblər. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, ağaclarda müşahidə edilən qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır. Bununla əlaqədar YTB tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Hazırda ərazilərdə gündəlik monitorinqlər aparılır, tırtılların aşkar edildiyi yerlərdə isə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir. Qeyd edilib ki, sözügedən tırtıllar insanların sağlamlığı üçün təhlükə yaratmır. Buna baxmayaraq, yaşıllıqlara vurduğu ziyanın qarşısının alınması məqsədilə monitorinq və mübarizə tədbirləri davam etdirilir.

Bu barədə biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev Ekologiya.az-a açıqlama verib.

O qeyd edib ki, bu, Azərbaycanın entomofaunasına aid olan bir növ deyil, sonradan gəlmiş bir növdür:

“Gəlmə növ olduğuna görə ekosistemdə, qida zəncirində artıq özünə yer tapıb və zaman keçdikcə maksimal dərəcədə aqressiv davranır. Bunun nəticələrini də artıq görürük. Bu yeni problem deyil, artıq bir neçə ildir həmin növün ekspansiyası, yəni istilası başlayıb. Mən şəxsən 4-5 ildir bunu ciddi şəkildə müşahidə edirəm. Şəhər parklarında, müxtəlif ərazilərdə, əsasən də tut ağaclarında bu proses başladı. Tut ağaclarından Azərbaycanda şəhər yaşıllaşdırılmasında geniş istifadə olunur və bu da yayılmanı sürətləndirdi. Ancaq ötən ildən və bu ildən görürük ki, həmin növ artıq digər ağaclarda da müşahidə olunur. Səbəblərdən biri odur ki, təbiət belə bir istilaçı növün gəlişinə və onun qida zəncirində özünə yer tutmasına tam hazır deyildi. Ona görə də yayılma intensivliyinin artması, çoxalması və daha geniş əraziləri tutması məhz bununla izah olunur. Təbii ki, hər bir ziyanverici ilə mübarizənin müxtəlif üsulları var. Buna mexaniki, kimyəvi və bioloji aiddir. Kimyəvi üsullar digər faydalı həşəratları, kəpənəkləri, tozlanmada iştirak edən digər canlıları da məhv edir. Kimyəvi preparatların müəyyən hissəsi torpağı və yaşıllıqları çirkləndirir. Bəli, bunun ziyanlı tərəfləri var. Ancaq artıq bu reallıqla barışmalı olacağıq. Təsərrüfatlara maksimum şəkildə tövsiyə edirik ki, həşərat müşahidə olunduğu anda operativ tədbir görsünlər. Çünki bütöv bir ağacın yarısı məhv olduqdan sonra onunla mübarizə aparmaq həm çətin, həm də məsrəfli olur”.


O deyib ki, həm vətəndaşlar öz həyətlərində və yaşıllıqlarında, həm park-bağ təsərrüfatları, həm də meşə təsərrüfatları daha operativ fəaliyyət göstərməlidirlər:

“Xüsusilə temperatur 20-25 dərəcəni keçdikdə bu həşərat daha aktiv olur. Məhz bu mərhələdə mübarizə ciddi aparılmalıdır ki, həm böyük ziyan formalaşmasın, həm sonradan beş-on qat artıq əziyyət və xərc tələb olunmasın. Çoxalmasının əsas səbəblərindən biri də şəhərdə sərçələrin yoxa çıxmasıdır. Sərçə və onun kimi xırda quşlar qaranquşlar, şəhər sərçələri təbiətdə mühüm rol oynayır. Hətta elmdə şəhər sərçələri və şəhər qaranquşları kimi təsnifatlar da mövcuddur. Onlar yoxa çıxdıqca bu və buna bənzər həşəratlar sürətlə çoxalır və gələcəkdə daha da çoxalacaq. Bu dəqiqə sizinlə danışa-danışa da ətrafa baxıram, göydə uçan bir canlı belə görə bilmirəm. Təəssüf ki, vəziyyət budur. Əgər şəhərimizdə sərçə populyasiyası kifayət qədər olsaydı, təbiətimiz və şəhər yaşıllıqları bu cür fəsadlarla qarşılaşmazdı. Bayaq qeyd etdiyim kimi, mübarizə üsulları mexaniki, kimyəvi və biolojidir. Ən effektiv üsul isə bioloji mübarizədir. Sərçə populyasiyası bərpa olunmalıdır, şəhərdə sərçə yuvaları yaradılmalıdır. 

Sərçələrin sayının artması üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Bu, həm yırtıcıların təsirinin azaldılması, həm də qidalanma rejiminin dəstəklənməsi ilə mümkün ola bilər. Şəhərdə dayanıqlı kiçik quş populyasiyası formalaşarsa, bu cür ziyanvericilərə qarşı daha effektiv təbii mübarizə aparmaq mümkün olacaq. Bioloji mübarizə həm ən effektiv, həm ən təhlükəsiz, həm də ətraf mühit üçün ən az zərərli üsuldur”