Tam versiya
Ana səhifə XƏBƏRLƏR 5 rayonda ƏMƏLİYYAT – 48 nəfər saxlanıldı - 200 milyonluq DƏLƏDUZLUQ
XƏBƏRLƏR

5 rayonda ƏMƏLİYYAT – 48 nəfər saxlanıldı - 200 milyonluq DƏLƏDUZLUQ


Türkiyənin İzmir şəhərində mərkəzləşən və 5 vilayətdə fəaliyyət göstərən sığorta fırıldaqçılığı şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat zamanı 48 şübhəli saxlanılıb.

Ekologiya.az xəbər verir ki, İzmir Baş Prokurorluğu və Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin birgə apardığı istintaq zamanı cinayətkar qrupun kameraların olmadığı ərazilərdə saxta yol qəzaları təşkil edərək sığorta şirkətlərini aldatdığı müəyyən edilib.

Araşdırmaya əsasən, şəbəkə saxta qəza protokolları hazırlayır, avtomobilləri təmir sexlərinə yönləndirir və bunun əsasında sığorta şirkətlərindən ödəniş tələb edirdi.

Ekspertiza aparılmadan ödəniş alınmadığı hallarda isə arbitraj və məhkəmə prosedurlarından istifadə olunurdu.

İstintaq nəticəsində təşkilatın bu üsulla sığorta şirkətlərinə təxminən 200 milyon Türkiyə lirəsi ziyan vurduğu müəyyən edilib.

Məlumata görə, şəbəkənin rəhbəri Eyüp Gürgür, əsas təşkilatçıları isə Çağdaş İralgil və vəkil Arda Akıncı olub.

İzmir, İstanbul, Ankara, Antalya və Ağrı vilayətlərində eyni vaxtda keçirilən əməliyyatlar zamanı 48 nəfər saxlanılıb. Digər şübhəlilərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Axtarışlar zamanı çoxsaylı saxta qəza sənədləri, sığorta polisələri, etibarnamələr və digər sənədlər götürülüb. Faktla bağlı istintaq davam edir.

Musavat.com

Paylaş:
Tam mətni oxu →