Tam versiya
Ana səhifə XƏBƏRLƏR Tullantıların çeşidlənməsi Azərbaycana nə qazandıra bilər? – İqtisadçıdan açıqlama
XƏBƏRLƏR

Tullantıların çeşidlənməsi Azərbaycana nə qazandıra bilər? – İqtisadçıdan açıqlama


Son illərdə dünyada tullantıların idarə olunması ekoloji məsələ olmaqla yanaşı, iqtisadi inkişafın yeni istiqamətlərindən birinə çevrilib. Məişət və istehsalat tullantılarının mənbəyində çeşidlənməsi, təkrar emalı və yenidən istehsal dövriyyəsinə qaytarılması bir çox ölkələrdə həm yeni iş yerlərinin yaradılmasına, həm də sahibkarlığın inkişafına töhfə verir. Dairəvi iqtisadiyyat modelinin geniş tətbiqi göstərir ki, düzgün idarə olunan tullantılar əslində gəlir gətirən xammal mənbəyidir.

Bu barədə iqtisadçı Xalid Kərimli Ekologiya.az-a açıqlamasında bildirib ki, tullantıların çeşidlənməsinin əsas məqsədi onların təkrar emalını mümkün etməkdir:

“Plastik, şüşə, metal və digər tullantılar ayrı-ayrılıqda toplanmalıdır ki, sonradan xammal kimi yenidən istehsal prosesinə cəlb oluna bilsin. İnkişaf etmiş ölkələrdə bu sistem məhz təkrar emal sənayesinin formalaşdığı üçün uğurla işləyir. Tullantıları ona görə çeşidləməliyik ki, təkrar emal mümkün olsun. Plastiki plastik, şüşəni şüşə, dəmiri dəmir kimi toplamaq lazımdır. Qərbdə və Avropada bunu ona görə edirlər ki, güclü təkrar emal müəssisələri fəaliyyət göstərir. Tanınmış brendlər artıq təkrar emal edilmiş tullantılardan məhsul istehsal edirlər. Bir dəfə bahalı bir brenddən geyim almışdım. Etiketində yazılmışdı ki, məhsul təkrar emal olunmuş plastik tullantılardan hazırlanıb. Bunu görəndə çox təəccüblənmişdim. Demək istəyirəm ki, tullantılar düzgün emal ediləndə yüksək dəyərli məhsula çevrilə bilir.”

X.Kərimli vurğulayıb ki, əgər təkrar emal müəssisələri yoxdursa, təkcə tullantıların çeşidlənməsinin böyük səmərəsi olmayacaq:

“Biz tullantıları çeşidləyirik, amma onların təkrar emalı prosesi yoxdursa, bunun ciddi mənası qalmır. Bütün zəncir çeşidləmədən tutmuş emala qədər düzgün qurulmalıdır. Bu sahə yalnız ekoloji deyil, həm də iqtisadi baxımdan böyük potensiala malikdir. Təkrar emal müəssisələri fəaliyyət göstərsə, onların xammala ehtiyacı yaransa və çeşidləmə sistemi düzgün qurulsa, bu, təkcə ekologiyaya deyil, həm də böyük və gəlirli sənaye sahəsinin yaranmasına səbəb ola bilər. Azərbaycanda da bunun üçün kifayət qədər potensial mövcuddur. Əhalinin sayının və istehlak səviyyəsinin artması tullantıların həcmini də artırır. Son 20-30 ildə insanların həyat səviyyəsi və istehlakı əhəmiyyətli dərəcədə artıb. Bunun nəticəsində tullantıların həcmi də çoxalıb. Əgər bu tullantılar yenidən iqtisadi dövriyyəyə qaytarılsa, həm ekoloji, həm də iqtisadi baxımdan ciddi faydalar əldə etmək mümkündür”.

Ekspertin sözlərinə görə, tullantıların təkrar emalı yeni iş yerlərinin açılmasına, idxaldan asılılığın azalmasına və tullantıların idarə olunması xərclərinin aşağı düşməsinə də töhfə verə bilər:

 “Zibil artıq yük yox, dəyərə çevrilir. Əvvəllər utilizasiya olunmalı hesab edilən tullantılar xammal kimi satılır və gəlir gətirir. Bu isə həm bələdiyyələr, həm də tullantıların idarə olunması ilə məşğul olan qurumlar üçün əlavə iqtisadi imkan yaradır. Çeşidləmə bu prosesin ilk və ən vacib mərhələsidir. Azərbaycanda emal sənayesinin inkişafı ilə bağlı problemlərin hələ də qalır. Bu, böyük sənayedir. Amma bizdə elə sahələr var ki, onları hələ tam formalaşdıra bilməmişik. Məsələn, nefti xammal kimi satırıq, amma benzinin müəyyən hissəsini yenə də idxal edirik. Bu baxımdan tullantıların utilizasiyası və təkrar emalı sənayesinin qurulması da ciddi investisiya və sistemli yanaşma tələb edir”.

Aysel Muxtar

Paylaş:
Tam mətni oxu →