Tam versiya
Ana səhifə XƏBƏRLƏR Ətin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA
XƏBƏRLƏR

Ətin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA


2027-ci ildən etibarən Azərbaycanda satışa çıxarılacaq diri heyvanların daşınması ilə bağlı yeni qaydalar tətbiq olunacaq. Qərara əsasən, heyvanlar yalnız xüsusi təchiz olunmuş, ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınacaq.

Ekologiya.az Musavat.com-a istinadla xəbər verir ki, yeni tələblər ictimaiyyətdə və bazar iştirakçıları arasında müxtəlif müzakirələrə səbəb olub.

Xüsusilə qəssablar və bəzi sahibkarlar hesab edirlər ki, xüsusi avtomobillərdən istifadə daşınma xərclərini artıracaq, bu isə son nəticədə ətin satış qiymətinə təsirsiz ötüşməyəcək.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirib ki, ölkəyə idxal olunan diri heyvanlar bundan sonra yalnız xüsusi təchiz olunmuş nəqliyyat vasitələri ilə daşınmalıdır. Həmin avtomobillər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"ndə nəzərdə tutulan beynəlxalq tələblərə tam uyğun olmalıdır.

Bəzi iqtisadçılar hesab edirlər ki, yeni qaydalar daşınma xərclərini artıracağı üçün idxal prosesi bahalaşa və bu da ətin qiymətində artıma səbəb ola bilər.

Mövzu ilə bağlı Musavat.com-a danışan qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov isə fərqli mövqe sərgiləyib.

Onun sözlərinə görə, AQTA-nın qərarı həm vaxtında, həm də zəruri addımdır.

Ekspert bildirib ki, qərarın əsas məqsədi heyvanların sağlamlığını və rifahını qorumaq, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq, eyni zamanda istehlakçılara daha təhlükəsiz və keyfiyyətli ət məhsullarının çatdırılmasını təmin etməkdir.


İlkin Şirinovun sözlərinə görə, uyğun olmayan nəqliyyat vasitələrində normadan artıq heyvan daşınması onların stress keçirməsinə, xəsarət almasına və nəticədə ətin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. İxtisaslaşdırılmış nəqliyyat vasitələri isə beynəlxalq standartlara uyğun şərait yaratmaqla bu riskləri minimuma endirir.

Ekspert ətin bahalaşacağı ilə bağlı səslənən fikirlərlə də razılaşmadığını bildirib:

"Daşınma düzgün təşkil olunduğu halda, bir neçə sahibkarın eyni ixtisaslaşdırılmış nəqliyyat vasitəsindən istifadə etməsi xərclərin bölüşdürülməsinə imkan verir. Bu da əlavə maliyyə yükünün qarşısını ala bilər".

Bununla yanaşı, İlkin Şirinov hesab edir ki, AQTA yeni qaydaların icrasına nəzarət edərkən sahibkarların maraqlarını da diqqətdə saxlamalıdır.

Onun fikrincə, nəzarət mexanizmi elə qurulmalıdır ki, süni qiymət artımı, əsassız daşınma xərcləri və vasitəçilikdən yaranan əlavə maliyyə yükü formalaşmasın:

"Bu balans qorunduğu təqdirdə həm heyvan rifahı və qida təhlükəsizliyi təmin olunacaq, həm istehlakçılar keyfiyyətli məhsulla təmin ediləcək, həm də sahibkarların qanuni maraqları zərər görməyəcək".

Paylaş:
Tam mətni oxu →