Tam versiya
Ana səhifə XƏBƏRLƏR Kəlbəcərdə çəkildiyi iddia olunan nəhəng ilan: Ekoloq görüntülərə aydınlıq gətirdi
XƏBƏRLƏR

Kəlbəcərdə çəkildiyi iddia olunan nəhəng ilan: Ekoloq görüntülərə aydınlıq gətirdi


Sosial şəbəkələrdə Kəlbəcər ərazisində çəkildiyi iddia olunan nəhəng ilanın görüntüləri geniş müzakirələrə səbəb olub. Videoda böyük ölçülü ilan əks olunsa da, görüntülərin həqiqətən Kəlbəcərdə lentə alınıb-alınmadığı və videonun orijinallığı hələlik rəsmi şəkildə təsdiqlənməyib. Bununla belə, yayılan görüntülər istifadəçilər arasında müxtəlif müzakirələrə və suallara yol açıb. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddiaların dəqiqliyi məlum deyil və onların həqiqiliyi ilə bağlı rəsmi açıqlama verilməyib. 

Bu barədə biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev Ekologiya.az-a açıqlamasında deyib ki, yayılan görüntülərdəki ilan növünün Azərbaycanda təbii şəkildə yaşaması ehtimalı olduqca aşağıdır:

Onun sözlərinə görə, bu növ ölkə faunasına aid deyil:

“Bilirəm ki, bu növ bizdə yoxdur. Bu, aydındır. Amma landşaft bizim Kiçik Qafqaza xas qayalıqlara çox oxşayır. Bitki örtüyü də oxşardır. Zıngırovlu ilan əsasən Amerika qitəsinə məxsus növdür və onun Azərbaycanda təbii şəraitdə rast gəlinməsi ehtimalı çox azdır. Ona görə də Azərbaycanda olması ehtimalı 1 faizdir, lap çox desək, 5 faiz. Amma bəzən insanlar xaricdən müxtəlif heyvanlar gətirib ev şəraitində saxlayırlar. Sonra onlara baxa bilməyəndə təbiətə buraxırlar. Belə hallara dəfələrlə rast gəlinib. Məsələn, vaxtilə Mingəçevir su anbarının yaxınlığında varan görüldüyü barədə məlumat yayılmışdı. Halbuki varan Azərbaycanda təbii şəkildə yayılmış növ deyil. Buna baxmayaraq, ümumilikdə demək olar ki, zıngırovlu ilan Azərbaycan faunasına daxil deyil”.

Ekoloq sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı tələsik nəticə çıxarmağın düzgün olmadığını da vurğulayıb və oxşar halların əvvəllər də yaşandığını xatırladıb:

“Bir müddət əvvəl Şanlıurfada zolaqlı kaftarın görüntüsü yayılmışdı. Sonradan həmin görüntülər Azərbaycanda paylaşılaraq Laçında zolaqlı kaftarın çəkildiyi iddia edildi. Halbuki bu məlumat həqiqəti əks etdirmirdi. Buna görə də sosial şəbəkələrdə yayılan hər görüntünü yoxlamadan doğru qəbul etmək olmaz”.

Aysel Elnur


Paylaş:
Tam mətni oxu →