Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bakının əsas şosesində motosiklet sürücüləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT: Hər an ölümcül qəza ola bilər - VİDEO
XƏBƏRLƏR

Bakının əsas şosesində motosiklet sürücüləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT: Hər an ölümcül qəza ola bilər - VİDEO


Bakının əsas magistrallarından biri olan Aeroport şosesində yolun vəziyyəti motosiklet sürücüləri üçün təhlükəyə çevrilib.

Ekologiya.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.

Şikayətçi bildirib ki, bir neçə il əvvəl sözügedən ərazidə bitum daşıyan avtomobilin aşması nəticəsində ərazidə yolun asfalt örtüyü sıradan çıxıb. Lakin həmin vaxtdan etibarən ora yeni asfalt qatı çəkilməyib.

Onun sözlərinə görə, indi həmin yol səthi xüsusilə motosiklet sürücüləri üçün ciddi risk yaradır:

"Yolun səthi nahamardır. Motosikletlə hərəkət edənlər manevr edərkən hər an idarəetməni itirib qəzaya düşə bilərlər. Yoldakı hərəkət intensivliyini nəzərə alsaq, bunun necə ağır fəsadı ola biləcəyini təsəvvür etmək çətin deyil. Bu yol uzun müddətdir bu vəziyyətdədir və bununla bağlı heç bir tədbir görülmür".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin yol sahəsində asfalt-beton örtüyünün üzərində neft məhsulu dağıldığı üçün, ərazidə sürüşmə təhlükəsinin aradan qaldırılması məqsədi ilə örtüyün üst qatı frezləmə üsulu ilə normativ tələblərə uyğun dərinlikdə götürülüb.

"Görülən işlər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, örtükdə mövcud qüsurların aradan qaldırılması üçün zəruri texnoloji mərhələ kimi icra olunub. Frezlənmiş sahə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmır və istismar baxımından təhlükəsiz vəziyyətdə saxlanılır.

Bununla yanaşı, ərazi ilə bağlı daxil olan müraciətlər nəzərə alınaraq mütəxəssislər tərəfindən yerində texniki baxış keçiriləcək, örtüyün vəziyyəti qiymətləndiriləcək və zərurət yaranarsa, normativ tələblərə uyğun bərpa tədbirlərinin həyata keçirilməsi ilə bağlı müvafiq qərarlar qəbul ediləcək", - deyə A.Nəcəfli vurğulayıb.




Paylaş:
Tam mətni oxu →