Tam versiya
Ana səhifə XƏBƏRLƏR Meyvə bağlarında gavalının cibcibə virusuna qarşı fitosanitar tədbirlər həyata keçirilib
XƏBƏRLƏR

Meyvə bağlarında gavalının cibcibə virusuna qarşı fitosanitar tədbirlər həyata keçirilib


Milli Monitorinq Planı çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin müfəttişləri tərəfindən Qəbələ rayonunun Ovcullu kəndində yerləşən “Green Harvest Co” MMC və Oğuz rayonunda fəaliyyət göstərən “Oğuz Meyvə Bağları” MMC-yə məxsus meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb.


Bu barədə Ekologiya.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, monitorinqlər zamanı nektarin bitkilərindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – gavalının cibcibə virusu (Şarka virusu) aşkarlanıb.


Zərərli orqanizmin yayılmasının qarşısının alınması və fitosanitar sabitliyin qorunması məqsədilə hər iki təsərrüfatda müvafiq fitosanitar tədbirlər həyata keçirilib.

Daha sonra təsərrüfatlarda təkrar fitosanitar monitorinq aparılıb və götürülmüş nümunələr laborator müayinəyə təqdim edilib. Aparılan müayinələrin nəticələrinə əsasən, nümunələrdə gavalının cibcibə virusu aşkarlanmayıb.

AQTA təsərrüfat subyektlərini fitosanitar müşahidələri mütəmadi davam etdirməyə, mövcud fitosanitar tələblərə ciddi əməl etməyə, bitkilərdə virusa xas əlamətlər müşahidə olunduqda isə dərhal agentliyin aidiyyəti regional bölmələrinə məlumat verməyə çağırır.

Qeyd edək ki, erkən aşkarlanma və vaxtında həyata keçirilən fitosanitar tədbirlər zərərli orqanizmlərin yayılmasının qarşısının alınmasında və məhsuldarlığın qorunmasında mühüm əhəmiyyət daşıyır. Bu kimi bitki virusları və zərərvericilər insan sağlamlığı üçün təhlükə yaratmır, lakin kənd təsərrüfatına və iqtisadiyyata zərər vura bilər.

Paylaş:
Tam mətni oxu →