Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür
XƏBƏRLƏR

Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür


Qobustan rayonu ərazisində 100 MVt gücündə "Qobustan" günəş fotoelektrik stansiyasının tikintisi yekun mərhələdədir.

Ekologiya.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov və onu müşayiət edən nümayəndə heyətinin stansiyaya səfərinin yekunlarına əsasən məlum olub.

Nazir Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundovla birlikdə tikinti işlərinin gedişi ilə tanış olub.

Səfər çərçivəsində layihənin icrasının yekun mərhələsinə - 110/35 kV-luq yarımstansiyaya, həmçinin qarşıdan gələn təntənəli istismara verilmə mərasiminə hazırlıq tədbirlərinə diqqət yetirilib.

"Hazırda obyekt elektrik enerjisinin ötürülməsi üçün tam hazır vəziyyətə gətirilib, bütün tikinti işləri müəyyən edilmiş qrafikə uyğun olaraq həyata keçirilir", - layihənin baş podratçısı və investoru olan Çinin "Universal Energy" şirkətinin məlumatında qeyd olunub.

Məlumata görə, elektrik stansiyası 1,5-2 ay ərzində istismara veriləcək və hər il təqribən 260 milyon kVt/saat elektrik enerjisinin istehsalını təmin edəcək.

Məlumatda qeyd olunub ki, P.Şahbazov tikinti işləri zamanı əhəmiyyətli irəliləyişin əldə edildiyini vurğulayıb. Nazirin sözlərinə görə, layihənin uğurla həyata keçirilməsi ölkənin enerji balansının optimallaşdırılmasına mühüm töhfə verəcək.

O, həmçinin əlavə edib ki, Azərbaycan tərəfi bundan sonra da layihəyə dəstək vermək niyyətindədir. Nazir bildirib ki, "Universal Energy" şirkətinin əlavə investisiya təşəbbüslərində və bərpa olunan enerji mənbələri sahəsində perspektivli birgə layihələrdə iştirakını alqışlamağa hazırdır.




Paylaş:
Tam mətni oxu →