Zakir Həsənov təcili müşavirə KEÇİRDİ: Generallar toplandı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növü komandanları, baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər.
Havadarları tərəfindən silahlandırılan Ermənistanın regionda vəziyyəti gərginləşdirmək məqsədilə şərti sərhəddə törətdiyi təxribatlara qarşı bölmələrimiz tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər və mövcud əməliyyat şəraiti təhlil edilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar kollegiya iştirakçılarına çatdırılıb.
Ölkə başçısının səsləndirdiyi "Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir" ifadəsini vurğulayan general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın istənilən tapşırığını yüksək peşəkarlıqla icra etməyə qadir olduğunu bildirib.
Nazirliyin rəhbər heyəti geniş məruzələrlə çıxış edib.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev cari ilin birinci yarımili ərzində qoşunların əməliyyat imkanlarının və qərargahların komanda idarəetmə qabiliyyətlərinin artırılması, mühəndis, kəşfiyyat və digər sahələrdə həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib, ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların müsbət nəticəsindən danışıb.
General-polkovnik K.Vəliyev Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətini təhlil edərək bildirib ki, müxtəlif qoşun növlərinin cəlb olunduğu beynəlxalq və müştərək təlimlərin keçirilməsi ilə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi daha da yüksəldilib.
Sonra müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov cari ilin ilk altı ayı ərzində təminat sahəsində görülən işlər, qoşunların yeni silah və texnika ilə təchizatı, şəxsi heyətin psixoloji hazırlığı və hərbi təhsil sahəsində həyata keçirilən tədbirlər barədə məruzə edib.
Qış mövsümünə hazırlıqla bağlı məsələlərə toxunan Baş direktor Azərbaycan Ordusunda bu istiqamətdə həyata keçirilən tədbirlərin plana uyğun olaraq, yüksək səviyyədə təşkil edildiyini bildirib.
Daha sonra müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev bölmələrin döyüş qabiliyyətinin artırılması və qoşun xidmətinin təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə edib.
Müasir silah və texnikanın cəlb edilməsi ilə keçirilən təlim və məşğələlərin intensivliyinin artırıldığı, bölmələrdə döyüş növbətçiliyi və digər xidməti-döyüş fəaliyyətlərin yüksək səviyyədə təşkil edildiyi bildirilib.
İclasda çıxış edən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə HHQ bölmələrində şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin illik hazırlıq planına uyğun daha keyfiyyətli keçirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıblar.
İclasda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov və digər qoşun (qüvvə) növü komandanları da çıxış edərək birinci yarımilin yekunlarına dair yerinə yetirilən tədbirlər barədə ətraflı məlumat veriblər.
Müddətli həqiqi hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması, eləcə də sağlamlıqlarının daim diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.
Döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına əməl edilməsinə, həmçinin hərbi qulluqçuların psixoloji hazırlığına və maarifləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Şəxsi heyətin sosial-məişət şəraitinin və tibbi təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərin mütəmadi olaraq yoxlanılması və ciddi nəzarətdə saxlanılması barədə müvafiq tapşırıqlar verilib.
Paylaş:
Tam mətni oxu →