XƏBƏRLƏR
İqlim dəyişmələri bəşəriyyət üçün ən ciddi problemlər sırasındadır. Bu problem bütün qitələrin ölkələrinə, insanların yaşayışına mənfi təsir göstərir, dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişə mane olur.Bu problemin mahiyyətini anlayan Azərbaycan bu istiqamətdə sözün əsl mənasında cəsarətli addımları ilə ad çıxarıb. Qlobal çağırışlara səs verməyə çalışan rəsmi Bakı ən yüksək səviyyədə bəyan edir ki, milli müstəvidə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi prioritetini uğurla icra edir. Hətta Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. İşğaldan azad olunan ərazilərində “yaşıl enerji” zonaları elan olunub.Bakı, həmçinin noyabrda BMT-nin ən ali tədbirlərindən birinə - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Beləliklə, dünya ictimaiyyətinin əsas diqqəti yenidən Bakıya yönələcək.Bu genişmiqyaslı tədbirin əsas vəzifəsi inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verməli olan yeni beynəlxalq iqlim maliyyəsi məqsədinin razılaşdırılması olacaq. COP29 qlobal iqtisadiyyatın və milyardlarla insanın həyatının iqlim dəyişikliyinin fəlakətli təsirlərindən xilas edilməsində iqlim maliyyəsinin oynadığı aparıcı rolu qəbul edən tədbirlər konfransı olacaq. Uğurlu nəticələr əldə etmək üçün dünya ölkələri birlikdə hərəkət etməlidir. Lakin bir sıra maliyyə və siyasi güc mərkəzləri, xüsusən də Fransa bunu anlamaq istəmir. Açıqlanan son rəqəmlər göstərir ki, ölkə bu məsələdə, yumşaq desək, xəsislik göstərir, ən cılız bəhanələr gətirir.Dünyaca məşhur "Bloomberg” yazır ki, Fransa sərhədləri xaricində iqlim maliyyəsi üçün çox pulu olmayan ölkələr sırasındadır. Səbəb kimi də iqtisadi çətinlikləri bəhanə etməsidir. Bu da onu deməyə əsas verir ki, Emmanuel Makronun prezident olduğu Fransa beynəlxalq və qlobal problemlərin həllinə biganə münasibət sərgiləməkdədir.İqtisadi artımla bağlı proqnozlar özünü doğrultmadığı üçün hökumət xərcləri aşağıya salmaq məcburiyyətində qalıb. Bunun fonunda nazirliklərin xərclərini azaltmaqla 10 milyard avroya qənaət etmək planlaşdırılır. Paris artıq 10 milyard avroluq qənaət planının işə salındığını bəyan edib. Sual yaranır, bəs necə olur ki, digər ölkələrin daxili işlərinə qarışmağa, hətta onlara milyonlarla dollar ayırmağa vəsait tapılır? Afrikada keçmiş müstəmləkələrində başlayan hərəkatları boğmaq üçün vəsait tapılır, Ermənistanı silahlandırmağa, onun layihələrini maliyyələşdirməyə pul tapılır, lakin bəşəriyyətin gələcəyi üçün maliyyə yoxdur?!Bu, onu deməyə əsas verir ki, bəşəri ideyalardan danışan Fransa gələcəyə, onun problemlərinə etinasız yanaşır.