XƏBƏRLƏR
Yeni il ərəfəsində Azərbaycan faciəli hadisənin acısını yaşayır. AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən “Embraer 190 AR” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.Təyyarənin qəzaya uğramasının səbəblərinə dair müxtəlif versiyalar irəli sürüldü - “quş sürüsü mühərrikə girib”, “hava şəraiti səbəbindən qəza olub”, “təyyarədə texniki nasazlığından hadisə baş verib” və s.Ancaq iki məsələ ağla gəlsə də, çox az ehtimal edildiyi üçün bunlar dilə gətirilmirdi. Bunlardan biri terror hücumu, Rusiya Hərbi Hava Qüvvələrinin təyyarəni vurması idi.“Ağıla gəlməyən başa gələr”, deyirlər. Ötən gün "Caliber" nəşrinin mənbələrlə təsdiqlətdiyi məlumata əsasən, “Embraer 190”-nın qəzaya uğramasına səbəb Rusiya Hava Hücumundan Müdafiə qüvvələrinin raket hücumu olub. Bildirilib ki, sərnişin təyyarəsi Rusiyanın “Pantsir-C1” hava hücumundan müdafiə raket kompleksinin hücumuna məruz qalıb. Məlumata görə, bu sistem vasitəsi ilə dronlar vurulur. Ukrayna dronlarının son günlər fəal hücumlarının qarşısını almaq, Qroznı hərbi bazasının müdafiə etmək üçün vasitələr Çeçenistanda quraşdırılıb. Hadisə baş verən gün bu respublikanın başçısı Ramzan Kadırovun qohumu, yerli Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov instaqramda bütün uçan aparatları vurduqlarını yazıb: "Pilotsuz uçan aparatların hansısa obyektə düşdüyünə dair informasiyalar doğru deyil. Hamısı vurulub”. O, vurduqları PUA-ların sayını açıqlamayıb.Mütəxəssislər Azərbaycanın sərnişin təyyarəsinin də həmin vaxt hücuma məruz qaldığını bildirirlər.Bu hadisə istər-istəməz yaxın tarixdə Azərbaycanda, İranda və Ukraynada sərnişin təyyarələrinin vurulması ilə bağlı xəbərlərin də yad edilməsinə vəsilə olub.