XƏBƏRLƏR
2024-cü il Azərbaycan iqtisadiyyatı üçün mühüm nailiyyətlərlə yadda qaldı. Ölkənin valyuta ehtiyatlarının ilk dəfə olaraq 72 milyard ABŞ dollarını keçməsi, Azərbaycanın dayanıqlı iqtisadi siyasətinin və uğurlu idarəetmə modelinin bariz göstəricisi kimi diqqət çəkdi. Bu nəticəyə nail olunmasında mühüm rol oynayan Azərbaycan Dövlət Neft Fondu (ARDNF) strateji əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsi və uzunmüddətli maliyyə sabitliyinin təmin olunması istiqamətində fəaliyyətini daha da gücləndirdi.Son illərdə qlobal iqtisadi mühitdə baş verən qeyri-sabitliklərə və enerji bazarlarında müşahidə edilən dalğalanmalara baxmayaraq, ARDNF-in aktivlərinin əhəmiyyətli dərəcədə artması, onun idarəetmə prinsiplərinin effektivliyini və ölkə iqtisadiyyatına verdiyi töhfəni bir daha təsdiq etdi. Fondun icraçı direktoru İsrafil Məmmədov, rəhbərlik etdiyi qurumun keçən il ərzində əldə etdiyi nailiyyətləri, qlobal çağırışlar qarşısında tətbiq etdiyi strategiyaları və 2025-cü ildə qarşıya qoyulan əsas hədəfləri ilə bağlı “Report”un suallarını cavablandırıb.Ekologiya.az müsahibəni təqdim edirik:- 2024-cü il ARDNF üçün hansı önəmli yeniliklər və məqamlarla yadda qaldı? Ümumilikdə ötən ili Fondun fəaliyyəti baxımından necə xarakterizə edərsiniz?- Geridə qoyduğumuz 2024-cü il ARDNF üçün uğurlu illərdən biri kimi yadda qalacaq. İlk növbədə qeyd edim ki, ötən il Fondun ümumi ehtiyatları artıb, investisiya fəaliyyəti üzrə gəlirlilik yüksək olub. Belə ki, ilin əvvəlində 56 milyard ABŞ dolları təşkil edən məcmu ehtiyatlar il ərzində 7 %-ə qədər artaraq ilk dəfə 60 milyard ABŞ dollarını keçib.Təkcə, 2024-cü ilin 9 ayında ARDNF-nin investisiya gəliri 3,3 milyard ABŞ dolları olub. Maliyyə bazarlarında müsbət tendensiya ilin son aylarında da davam edib. Artan canlanma Fondun investisiya portfelinə müsbət təsir göstərib. İl ərzində portfelin gəlirliliyinin artmasına maliyyə bazarlarında səhm aktivlərinin nümayiş etdirdiyi müsbət dinamika əhəmiyyətli təsir edib.Ötən il ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi və yeni regionlarda investisiya imkanlarının dəyərləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu çərçivədə, qarşılıqlı faydalı əməkdaşlıqların qurulması və yeni investisiya sahələrinin araşdırılması məqsədilə ilboyu müvafiq görüşlər və Körfəz ölkələri, Çin və İtaliya kimi ölkələrə işgüzar səfərlər həyata keçirilib. Burada Səudiyyə Ərəbistanında investisiya imkanlarının araşdırılması məqsədilə Hassana İnvestisiya Şirkəti ilə Fond arasında imzalanmış Anlaşma Memorandumunu vurğulamaq istərdim. Bu sənəd müştərək investisiyaların həyata keçirilməsi imkanlarını araşdırmağa imkan yaradaraq iki qurum arasında strateji əməkdaşlığın inkişafına töhfə verir. Bundan əlavə, bildiyiniz kimi, ARDNF ötən il BƏƏ-də yerləşən “GEMS Education” təhsil müəssisəsinə 100 milyon ABŞ dolları sərmayə qoyaraq müştərək investor kimi konsorsiumun tərkibində yer alıb. İl ərzində portfelin şaxələndirilməsi istiqamətində həm də Çin yuanına yatırımlar artırılıb, yekunda 1 milyard ABŞ dolları təşkil etmişdir. Bundan başqa ilk dəfə Səudiyyə Ərəbistan rialına 200 milyon ABŞ dolları ekvivalentində yatırım edilib. Ötən il Fond öz portfelində sığorta rolunu oynayan qızılın çəkisini artırıb və bununla bağlı ilin ilk 9 ayında 25 tondan çox qızıl alınıb.ARDNF alternativ investisiya alətləri üzrə aktiv fəaliyyətini ötən il də davam etdirib. Xüsusilə, nəqliyyat və logistika, rəqəmsal (data mərkəzləri), enerji, ətraf mühit və s. sahələrdə infrastruktur investisiyalarına Fondun diqqəti daha da artıb və qlobal olaraq ən nəhəng və nüfuzlu idarəetmə şirkətləri ilə əməkdaşlıqlar davam etdirilib. Fond 2024-cü ildə daşınmaz əmlak, özəl səhm və infrastruktur aktivləri üzrə “GIP”, “EQT”, "Brookfield", "PGIM" və “CVC” kimi bazar liderlərinin idarə etdiyi fondlara toplam 500 milyon ABŞ dolları investisiyalar həyata keçirib.2024-cü ildə strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsi də əvvəlki illərdə olduğu kimi ARDNF-nin əsas fəaliyyət istiqamətlərindən biri olub. Belə ki, ötən il Fond büdcə xərcləri çərçivəsində iki təhsil proqramının maliyyələşdirilməsini yerinə yetirib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” üzrə 34 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” üzrə isə 47 milyon manat vəsait ayırıb.Ötən il ARDNF üçün beynəlxalq müstəvidə də təqdirəlayiq bir il olub. Bildiyiniz kimi, Fond idarə etdiyi aktivlərin məcmu dəyəri 8 trilyon ABŞ dollarından çox olan, dünyanın 46 nüfuzlu suveren fondunun təmsil olunduğu Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) üzvüdür. Forumun 2024-cü il yığıncağında daimi fəal iştirakı sayəsində ARDNF səs çoxluğu ilə 3 illik müddətə SFBF-nin İdarə Heyətinin sədr müavini və daha sonrakı 3 ildə sədr vəzifəsinə seçilib ki, bu da ARDNF-nin növbəti 6 il ərzində bu mühüm təşkilatın idarəçiliyində yer alması deməkdir.- ARDNF bu il də dövlət büdcəsi gəlirlərinin formalaşmasında aparıcı rola – təxminən 38 % paya malik olacaq. Məlum olduğu kimi bu Fondun neft-qaz gəlirləri və öz investisiya fəaliyyətindən əldə olunan gəlirlər hesabına baş tutur. Fiskal sabitliyin qorunmasında neft gəlirlərinin istifadəsi, o cümlədən Fondun investisiya fəaliyyətindən əldə olunan gəlirlərin rolunu necə qiymətləndirirsiniz?- Məlum olduğu kimi, iqtisadiyyatın diversifikasiyası ölkədə davamlı büdcə tarazlığı və daha effektiv makro-fiskal siyasətin təmin edilməsi üçün olduqca vacibdir. ARDNF-dən büdcəyə transfertlər bu sabitliyin qorunmasında mühüm rol oynayaraq etibarlı maliyyə mənbəyi kimi çıxış edir, uzunmüddətli iqtisadi dayanıqlığa dəstək olur. Ölkənin qarşısında duran strateji hədəflərin və sosial proqramların vaxtında icrası 2025-ci ildə Fonddan dövlət büdcəsinə transfertin əvvəlki illə müqayisədə artımını, başqa sözlə büdcə gəlirlərinin 38 %-ni təşkil etməsini labüd edib.ARDNF-nin investisiya fəaliyyətindən əldə olunan gəlirlərlə bağlı qeyd etmək istərdim ki, son iki il Fond üçün uğurlu il olub və investisiya fəaliyyətindən təxminən hər il 3 milyard ABŞ dollarından çox gəlir əldə edilib ki, bu da həmin illərdə dövlət büdcəsinə transfertlərin təqribən 45-50 %-nə bərabər olub. Lakin onu da qeyd etmək lazımdır ki, Fondun investisiya fəaliyyətindən əldə etdiyi gəlirlər investisiya portfelinin dəyərindən asılı olduğu üçün, həmçinin də portfelin strukturu qlobal maliyyə bazarlarındakı dalğalanmalara qarşı həssas olduğundan onun fərqli illərdə fərqli performans nümayiş etdirməsi gözləniləndir. Başqa sözlə, beynəlxalq təcrübədən də məlum olduğu kimi bu fəaliyyət növü üzrə gəlirlər digər sahələrlə müqayisədə öz volatilliyi ilə seçilir - bəzi illərdə daha yüksək ola bildiyi halda, bəzi illərdə çox aşağı və ya itkilərlə də nəticələnə bilir. Bununla belə, orta və uzunmüddətli dövrdə investisiya gəlirləri Fondun büdcə xərclərinin mühüm hissəsini təşkil edə bilər.- ARDNF qarşısında duran əsas çağırışlar hansılardır? Fond enerji keçidi və rəqəmsallaşma kimi dəyişən iqtisadi şəraitə necə uyğunlaşır, dayanıqlı inkişaf konsepsiyasına necə uyğunlaşır və karbon izinin azaldılması üçün hansı tədbirlər görür?- Məlumdur ki, dayanıqlı enerji mənbələrinə keçid və "yaşıl enerji"nin inkişafı hazırda Azərbaycanın enerji siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyev ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsini prioritet vəzifə olaraq irəli sürüb. Düşünürəm ki, bu istiqamətdə ölkənin enerji təhlükəsizliyinin, onun iqtisadi gücünün və dayanıqlı ətraf-mühitin balanslaşdırılmış vəhdəti əhəmiyyətli rola malikdir.Azərbaycanda dayanıqlı, şaxələndirilmiş və ekoloji baxımdan məsuliyyətli enerji gələcəyi üçün təməlin qurulmasında ARDNF-nin özünəməxsus rolu var. Fond neft və qaz gəlirlərini şəffaflıq və hesabatlılıq prinsipləri əsasında idarə edərək, uzunmüddətli iqtisadi sabitliyin təmin olunmasında və dayanıqlı inkişafa töhfə verən layihələrin maliyyələşdirilməsində iştirak edir. Qlobal suveren investor olaraq biz enerji keçidinin dəstəklənməsinə yönəlmiş səylərimizi əhəmiyyətli dərəcədə artırmışıq və son illərdə portfelimizdə bərpa olunan enerji sahəsində artan sayda layihələr həyata keçirmişik.Milli sərvətin qoruyucusu funksiyasını daşıyaraq biz missiyamız və strateji baxışımız çərçivəsində ƏSİ (Ətraf mühit, sosial və İdarəetmə) prinsiplərinin də investisiya portfelinə inteqrasiyası çərçivəsində müəyyən tədbirlər həyata keçirmişik. Məlumat üçün qeyd edim ki, ARDNF-nin investisiya portfeli aparılmış kompleks təhlilin nəticəsinə əsasən karbon emissiyasına görə bençmarkdan daha aşağı nəticə göstərib. Fondun özəl səhm və daşınmaz əmlak aktiv növləri üzrə orta şəffaflıq göstəricisi bazardakı investisiya fondlarının orta şəffaflıq göstəricisini dəfələrlə üstələyib.