• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yenə planeti dağıdırlar – “Armageddon qaçılmazdır, Qiyamətə 12 il qalıb”

    13

    fev

    Yenə planeti dağıdırlar – “Armageddon qaçılmazdır, Qiyamətə 12 il qalıb”

    Dünya binnət olandan, insan oğlu əllərini yerdən üzüb ayağa qalxandan və baş işlədib qarnını doyurandan ta bu günə qədər hər zaman dünyanın çarxının dönəcəyini, Yerin dağılacağını düşünüb.

    Fikir verirsinizsə, 1500 və 5 min il əvvəl nazil olmuş müqəddəs kitablarda da Qiyamətdən, Apokalipsisdən, Armageddondan söz açılır. O kitablarda əsas mülahizə belədir ki, əvvəl-axır Yer üzünü su basacaq, bir dəfə ümumdünya daşqını olub, bir dəfə də olacaq.

    Düzdür, müxtəlif əsrlərdə və illərdə Yer üzünün bir hissəsini, tutalım, müasir ölçülərlə götürsək, 5 rayonluq, iki mahallıq bir ərazini su basdığı olub, amma həmin su daşıb dünyanı basmayıb, axıb, çaylara tökülüb, oradan da gedib dənizə və okeanlara qarışıb, ancaq onların səthinin 1 millimetrin yüzdə biri qədər qalxmasına səbəb olmayıb.

    İnsan oğlu hər zaman zəlzələdən də qorxub. Müxtəlif illərdə zəlzələlər yüz minlərlə can alıb, amma bu da dünyanın bir hissəsində baş verib və bütün dünyanın nehrə kimi çalxalanması faktı olmayıb. Sadəcə, zəlzələ zonasında yaşayanlar elə biliblər ki, artıq dünyanın axırıdır.

    İldırımlar, qasırğalar, musson yaışları, səmum yelləri, püskürən vulkanlar da zaman-zaman insanları dəhşətə gətirib və onlar bu təbii fəlakətlərin sirrini bilmədiklərindən hesab ediblər ki, əvvəl-axır bu afətlərin daha dəhşətlisi baş verəcək və dünya dağılacaq.

    Son yüz ildə isə insan oğlu kainatın sirlərinin bir xeylisinə vaqif olub, artıq bilir ki, zəlzələ necə əmələ gəlir, vulkan niyə püskürür, tornadolar əsasən harada qopur və gücü nə qədər olur, sunami necə yaranır və s. Düzdür, insanlar yenə də təbii fəlakətlərdən qorxurlar, ancaq onlardan qorunmağın texnikasını da öyrənirlər.

    Fəqət, dünyanın dağılacağı haqqında söhbətlər səngimir. İndi bu barədə bestseller əsərlər yazılır, izləmə sayı 100 milyonu keçən filmlər hazırlanır.

    İddia olunur ki, dünyanın dağılmasının səbəblərindən biri 10 nüvə ölkəsində toplanmış nüvə başlıqlı raketlər ola bilər. Əgər həmin ölkələr raketlərini bir-birinə atsalar, Armageddon qaçılmaz olar. Xoşbəxtlikdən, böyük ölkələrin böyükləri hələ məsuliyyətli davranırlar, planeti partlatmaq istəmirlər.

    Gah da deyirlər, iki futbol sahəsi boyda olan asteroid sürətlə Yerə sarı gəlir, gəlib planetimizlə toqquşacaq, toz buludları ərşə qalxıb Günəşin qarşısını kəsəcək, Yerdə həyat donacaq, Apokalipsis baş verəcək. Günəşdə dəhşətli partlayışlar olacağı və ayrılan enerjinin Yeri yandırıb-yaxacağı barədə proqnozlar mövcuddur. Yaxşı ki, hər dəfə o asteroidlər dünyamızın bir neçə milyon kilometrlik məsafəsindən keçib gedirlər.

    Bilməyənlər üçün deyək ki, ötən əsrin 70-ci illərinin ortalarında belə bir hadisənin 1980-ci illərində baş verəcəyi söylənilirdi. Hamı bu barədə danışırdı. Amma bu ölkədə, eləcə də SSRİ-də bu xüsusda yazan, film çəkən yox idi. Sovet hökuməti icazə vermirdi. Rəsmi kurs beləydi ki. axmaq fərziyyələrlə sovet insanının başını xarab eləmək, onun sosializm quruculuğu üçün çırmanmış qolunu işdən soyutmaq olmaz.

    SSRİ dağılandan sonra bizim və o biri respublikaların jurnalistləri “dünyanı dağıtmaq işi”nə can-başla girişdilər. İllərdir hər gün qəzetlərdə, saytlarda mütləq dünyanın sonu barədə xəbərlər gedir.

    Bir ara bu cür xəbərlər o qədər artdı ki, 2012-ci ilin dekabr ayının 22-də az qala hər kəs dünyada Qiyamət qopacağını gözləməyə başlamışdı. Şam və makaron alaraq Armageddona hazırlaşanlar vardı. Qiyamət zülmətini şamla işıqlandıracaqdılar. Ancaq həmin gün çox adi gün oldu və nə dağıdıcı zəlzələ, nə müdhiş vulkan püskürməsi, nə də qorxunc tornado baş vermədi.

    İndi yeni bir video yayılıb. Koreyada hazırlandığı görünən və dünyanın necə dağılacağını videoqrafika vasitəsi ilə əks etdirən video tamaşaçıları dəhşətə gətirəcək məzmundadır. Videomaterial müəllifləri Yerə 2036-cı ilə qədər ömür veriblər və kadrarxası mətnli elə ürəkdən oxuyurlar ki, sanki 2036-cı ildə yaxşı bir şey baş verəcək.

    İlk baxışdan, baş verəcək kataklizmin elmi əsasları var: Yerin maqma qatı partlayacaq, okeanın dərinliyindən suyun səthimə püskürəcək, milyard tonlarla qızğın metal lavaları okean suyu ilə reaksiyaya girəcək, buxar ərşə qalxacaq, atmosfer qatını yox edəcək, süni peyklər, o cümlədən Ay Yer səthinə çırpılacaq, Yer dalğalanacaq, üzərindəki hər şey yıxılacaq və planet sönəcək.

    Belə bir dəhşətli video. Axtarsan, internet resurslarında bildiyimiz və bilmədiyimiz dillərdə yüzlərlə belə video var. İnsanlar bunları izləyir və qorxurlar. Bəs nə əcəb belə materialların müəllifləri sakitdirlər və təlaşsız, təşvişsiz öz həyatlarını yaşayırlar? Çünki onlar öz mülahizələrinin həqiqət və gop hissəsinin hansı çəkidə, ölçüdə olduğunu bilirlər.

    Hələ 150-200 il əvvəl Rusiyanın böyük şəhərlərində yaşayan və dini ayinlərə birəbir riayət etməyən insanların üzündən Qiyamət qopacağını düşünən mühafizəkar dindarlar Sibirin ucqarlarında, tayqanın dərinliklərində məskən salaraq Qiyamətə hazırlaşırdılar. Onların nəsilləri bu gün də cəmiyyətdən ceyli dərəcədə təcrid olunmuş vəziyyətdə, öz din-imanlarına sadiq qalaraq yaşayırlar. Qiyamət isə uzandıqca uzanır.

    O nə vaxtsa baş verəcəkmi? Dəqiq demək mümkün deyil. Əgər elə bir şey olacaqsa da, ona hazırlaşmağın mənası yoxdur. Bir şey ki, 2-3 dəqiqənin içində olub-bitəcək və onu önləmək üçün insan oğlunun heç bir rıçağı yoxdur, demək, onu dərd etməyə dəyməz.

    Tarix : 13-02-2024, 13:05 | Oxunub: 150