Paytaxtda silsilə oğurluqların üstü açıldı – SABİQ POLİS RƏİSİ DANIŞDI
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Sabunçu rayonu ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 2300 manat olan 6 ədəd proyektor və noutbuk oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı F.İdrisov saxlanılıb.
Nəsimi rayonunda yerləşən elektronika mağazalarından birindən isə 2500 manat dəyərində noutbuk oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 37 yaşlı V.Rzayev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun paytaxtdakı digər mağazalardan da məişət və elektronika avadanlıqları oğurladığı, daha sonra həmin əşyaları müxtəlif ticarət obyektlərində satdığı məlum olub.
Bundan başqa, Sabunçu rayonu ərazisində yerləşən müəssisələrdən birindən ümumi dəyəri 8000 manat olan 6 ton metal avadanlığın oğurlanması faktı da qeydə alınıb. Araşdırmalar nəticəsində əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş 33 yaşlı T.Əzimov saxlanılıb. Məlum olub ki, o, işlədiyi obyektdən dəmir avadanlıqları hissə-hissə çıxararaq metal qəbulu məntəqələrinə satıb.
Sabiq polis rəisi Mahmud Hacıyev Musavat.com-a deyib ki, paytaxtda son bir neçə saat ərzində açıqlanan oğurluq faktları bir daha göstərir ki, cinayətkarlar üsullarını dəyişsələr də, hüquq-mühafizə orqanlarının operativ imkanları da paralel şəkildə güclənir: "Burada diqqət çəkən məqam oğurlanan əşyaların çeşididir. Bir hadisədə noutbuk və proyektorlar, digərində mobil telefon, başqa bir epizodda isə 6 ton metal avadanlıq oğurlanıb. Bu isə onu göstərir ki, oğurluq cinayətləri məişət səviyyəsində deyil, biznes subyektlərini və istehsalat obyektlərini də ciddi şəkildə hədəfə alır. Xüsusilə Sabunçuda qeydə alınan 6 ton metal avadanlığın oğurlanması faktı adi cinayət hadisəsindən daha ciddi problemdən xəbər verir. İstintaqın ilkin nəticələrinə görə, həmin şəxs işlədiyi müəssisədən avadanlıqları hissə-hissə çıxararaq metal qəbulu məntəqələrinə satıb. Bu isə yalnız oğrunun məsuliyyəti məsələsini deyil, eyni zamanda metal qəbulu məntəqələrinin nəzarət mexanizmlərini də gündəmə gətirir. Çünki böyük həcmdə metalın mənşəyi araşdırılmadan qəbul edilməsi belə cinayətlərin davamlılığı üçün münbit şərait yarada bilir. Digər tərəfdən, elektronika məhsullarının oğurlanması və sonradan müxtəlif ticarət obyektlərində satılması faktı kölgə bazarının hələ də mövcud olduğunu göstərir. Oğurlanmış malların alıcısı olmasa, bu tip cinayətlərin iqtisadi mənası da azalır. Buna görə də məsuliyyət yalnız oğurluq edən şəxslərin deyil, mənşəyi şübhəli malları alan və satanların da üzərinə düşür".
Paylaş:
Tam mətni oxu →