
Paytaxtın müxtəlif rayonlarında qeydə alınan oğurluq hadisələrinin üstü polis əməkdaşları tərəfindən açılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Sabunçu rayonu ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 2300 manat olan 6 ədəd proyektor və noutbuk oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı F.İdrisov saxlanılıb.
Digər hadisə Yasamal rayonunda baş verib. Burada 2000 manat dəyərində mobil telefonun oğurlanması faktı üzrə aparılan araşdırmalar nəticəsində 35 yaşlı L.Məmmədova şübhəli şəxs qismində saxlanılıb.
Nəsimi rayonunda yerləşən elektronika mağazalarından birindən isə 2500 manat dəyərində noutbuk oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 37 yaşlı V.Rzayev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun paytaxtdakı digər mağazalardan da məişət və elektronika avadanlıqları oğurladığı, daha sonra həmin əşyaları müxtəlif ticarət obyektlərində satdığı məlum olub.
Bundan başqa, Sabunçu rayonu ərazisində yerləşən müəssisələrdən birindən ümumi dəyəri 8000 manat olan 6 ton metal avadanlığın oğurlanması faktı da qeydə alınıb. Araşdırmalar nəticəsində əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş 33 yaşlı T.Əzimov saxlanılıb. Məlum olub ki, o, işlədiyi obyektdən dəmir avadanlıqları hissə-hissə çıxararaq metal qəbulu məntəqələrinə satıb.
![]()
Qeyd edək ki, DİN-in mətbuat xidmətinin məlumatına görə, iyunun 5-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub. Həmçinin axtarışda olan 147 nəfər saxlanılıb, narkotiklərlə əlaqəli 34, qanunsuz silah-sursatla bağlı isə 9 fakt aşkarlanıb. Gün ərzində cinayət törətməkdə şübhəli bilinən 60 nəfər tutulub.
Sabiq polis rəisi Mahmud Hacıyev Musavat.com-a deyib ki, paytaxtda son bir neçə saat ərzində açıqlanan oğurluq faktları bir daha göstərir ki, cinayətkarlar üsullarını dəyişsələr də, hüquq-mühafizə orqanlarının operativ imkanları da paralel şəkildə güclənir: "Burada diqqət çəkən məqam oğurlanan əşyaların çeşididir. Bir hadisədə noutbuk və proyektorlar, digərində mobil telefon, başqa bir epizodda isə 6 ton metal avadanlıq oğurlanıb. Bu isə onu göstərir ki, oğurluq cinayətləri məişət səviyyəsində deyil, biznes subyektlərini və istehsalat obyektlərini də ciddi şəkildə hədəfə alır. Xüsusilə Sabunçuda qeydə alınan 6 ton metal avadanlığın oğurlanması faktı adi cinayət hadisəsindən daha ciddi problemdən xəbər verir. İstintaqın ilkin nəticələrinə görə, həmin şəxs işlədiyi müəssisədən avadanlıqları hissə-hissə çıxararaq metal qəbulu məntəqələrinə satıb. Bu isə yalnız oğrunun məsuliyyəti məsələsini deyil, eyni zamanda metal qəbulu məntəqələrinin nəzarət mexanizmlərini də gündəmə gətirir. Çünki böyük həcmdə metalın mənşəyi araşdırılmadan qəbul edilməsi belə cinayətlərin davamlılığı üçün münbit şərait yarada bilir. Digər tərəfdən, elektronika məhsullarının oğurlanması və sonradan müxtəlif ticarət obyektlərində satılması faktı kölgə bazarının hələ də mövcud olduğunu göstərir. Oğurlanmış malların alıcısı olmasa, bu tip cinayətlərin iqtisadi mənası da azalır. Buna görə də məsuliyyət yalnız oğurluq edən şəxslərin deyil, mənşəyi şübhəli malları alan və satanların da üzərinə düşür".
Mahmud Hacıyev deyib ki, DİN-in açıqladığı statistikaya nəzər saldıqda isə polis əməkdaşlarının əməliyyat fəaliyyətinin kifayət qədər intensiv olduğu görünür: "Təkcə bir gün ərzində 64 cari və əvvəlki dövrlərdən qalmış 10 cinayətin açılması, 147 axtarışda olan şəxsin saxlanılması, 60 şübhəlinin tutulması hüquq-mühafizə sisteminin cinayətkarlığa qarşı mübarizədə aktiv fəaliyyət göstərdiyini göstərən rəqəmlərdir. Oğurluq hadisələrinin sayını azaltmaq üçün yalnız operativ tədbirlər kifayət etmir. Müəssisələrdə təhlükəsizlik sistemlərinin gücləndirilməsi, videomüşahidə şəbəkəsinin genişləndirilməsi, ikinci əl elektronika və metal qəbulu bazarlarına nəzarətin sərtləşdirilməsi də vacibdir. Əks halda, oğurlanan əşyaların bazarı mövcud olduqca, bu tip cinayətlərin tam qarşısını almaq çətin olacaq".
Musavat.com