Abşeron rayonunda qanunsuz tikinti və qazıntı işlərinin geniş vüsət alması sakinlərin ciddi narahatlığına səbəb olur. Rayonun müxtəlif ərazilərində demək olar ki, hər gün yeni tikinti meydançaları və qazıntı işləri müşahidə edilir.

Ekologiya.az-a daxil olan məlumatlara əsasən, bəzi ərazilərdə aparılan işlərin qanuniliyi ilə bağlı suallar yaranır. Məsələ ilə əlaqədar dəfələrlə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə, həmçinin aidiyyəti  qurumlara sorğular ünvanlansa da, müraciətlərin əksəriyyəti cavabsız qalıb.

Son günlərdə rayon ərazisində yenidən yeni qazıntı və tikinti işlərinin aparıldığı müşahidə olunur. Maraqlıdır, bu işlər hansı əsaslarla həyata keçirilir və onların qanunvericiliyin tələblərinə uyğunluğuna hansı qurum nəzarət edir?

Mütəxəssislərin fikrincə, tikinti və qazıntı işləri aparılarkən ekoloji tələblərə, şəhərsalma normalarına və təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Əks halda bu cür fəaliyyətlər həm ətraf mühitə, həm də vətəndaşların yaşayış şəraitinə mənfi təsir göstərə bilər.

İctimaiyyəti maraqlandıran əsas məsələ isə budur: qanunsuz tikintilərə və nəzarətsiz qazıntı işlərinə göz yumanlar kimlərdir?

Ekologiya.az məsələ ilə bağlı araşdırmalarını davam etdirir və aidiyyəti qurumlardan rəsmi mövqe gözləyir.