Rəqəmsallaşma prosesinin sürətlənməsinə, elektron sənəd dövriyyəsinin və rəqəmsal texnologiyaların geniş tətbiqinə baxmayaraq, dünyada kağız və karton məhsullarına tələbat hələ də yüksək olaraq qalır. Qablaşdırma sənayesinin inkişafı, ticarət dövriyyəsinin artması və müxtəlif sahələrdə kağız məhsullarından istifadənin davam etməsi kağız istehsalının həcminin artmasına səbəb olur. Bununla yanaşı, kağız istehsalı prosesi ətraf mühitə təsiri baxımından da ciddi müzakirə olunan məsələlərdən biridir. Kağız istehsalının artması meşə ehtiyatlarının azalmasına, su və enerji sərfiyyatının yüksəlməsinə, ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Bu baxımdan, təkrar emalın təşviqi, resurslardan səmərəli istifadə və ekoloji cəhətdən daha dayanıqlı istehsal üsullarının tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Ekologiya.az-a açıqlama verib.

Deputat deyib ki, bu gün kağız istehlakı həm izafi xərclərə, həm də ekoloji problemlərin yaranmasına səbəb olur:

“Azərbaycanda vaxtilə müxtəlif növ kağızların təkrar emalı və yenidən dövriyyəyə qaytarılması mexanizmləri mövcud olub. Bunun üçün xüsusi qanunvericilik bazasının yaradılmasına ciddi ehtiyac yoxdur. Əgər belə istehsal müəssisələri yenidən qurularsa, heç şübhəsiz, dövlət özəl sektorun inkişafı üçün güzəştli kreditlər ayıra bilər və sahibkarlar bundan faydalana bilərlər.  Lakin məsələ təkcə iqtisadi deyil, həm də psixoloji tərəfləri olan bir prosesdir. İlkin orta əsrlərdə kağız Çindən Avropaya gəldikdə, insanlar hələ dəri üzərində yazırdılar və uzun müddət bu ənənəni davam etdirdilər. Səbəb isə kağıza tam etibar etməmələri idi. Düşünürdülər ki, kağız üzərindəki yazılar itə, pozula və ya məhv ola bilər. Bu psixoloji keçid təxminən bir əsr davam etdi. Sonradan isə bütün kitablar və yazılar kağıza köçürüldü”.


Millət vəkili hazırda oxşar mərhələdən keçildiyini bildirib:

“Elektron oxu və yazı vasitələri, elektron qəzetlər və ümumilikdə rəqəmsal media subyektləri hələ də ehtiyat üçün kağız versiyanın olmasını üstün sayırlar. Görünür, yenə bir keçid dövründəyik. Nə qədər tez anlasaq ki, bir çox hallarda buna ehtiyac yoxdur, bir o qədər yaxşı olar. Bu səbəbdən məsələnin gündəmə gətirilməsi və bu təşəbbüslərin ictimai rəyə çatdırılması faydalıdır. İzafi kağız istehlakından nə qədər tez imtina etsək, həm iqtisadi, həm də ekoloji baxımdan bir o qədər müsbət nəticə əldə edə bilərik”