"Bizim üçün təqribən 300 iştirakçı ilə qarşılıqlı fikir mübadiləsi aparmaq və beynəlxalq təcrübəni öyrənmək çox vacibdir. Azərbaycan həmçinin öz milli prioritetlərində əsas məqsədlərdən biri kimi "yaşıl" inkişaf kursunu götürüb. Bu, "yaşıl" iqtisadiyyata keçid deməkdir. Bu təcrübə beynəlxalq prosesdə davam edir. Fikrimizcə, iki gün ərzində bu məsələ ilə bağlı geniş müzakirələr təşkil etmək mümkün olacaq", - deyə o qeyd edib.
F.Mütəllimov bildirib ki, forumun yekunnkarına əsasən iyunun 28-də "Sıfır tullantı - Bakı təşəbbüsü"nün qəbul edilməsi planlaşdırılır.
"Müasir dünyada tullantılar təkcə atılan məhsullar deyil. Əksinə, tullantılardan yeni məhsul istehsal etmək və yeni iqtisadi resurs qismində istifadə üçün tullantıların təkrar emalı müəssisələrinin istifadəsi geniş yayılıb. Bakıda bu istiqamətdə müxtəlif tədbirlər görülür. Lakin bizim fikrimizcə, regionlarda da bu istiqamətdə tədbirlərin keçirilməsi vacibdir. İnanırıq ki, bu iki gün səmərəli müzakirələrlə keçəcək. Nəticədə biz hamımız vacib məlumatları əldə edəcəyik, dünya isə Azərbaycanın müsbət təcrübəsinin şahidi olacaq", - deyə o əlavə edib.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev isə Bakıda keçirilən "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışında deyib ki, tullantıların təkrar emalı müasir iqtisadiyyatda mühüm rol oynayır, həmçinin ətraf mühitin mühafizəsi üçün böyük əhəmiyyət kəsb edir.
Onun fikrincə, tullantıların təkrar emal üsullarının artması, bu prosesə innovasiyaların tətbiqi resursların səmərəli istifadəsini təmin edir və xammala ehtiyacı azaldır.
Ətraf mühitin plastik tullantılarla çirklənməsinə toxunan nazir bunu ən ciddi ekoloji problemlərdən biri adlandırıb.
"Plastik tullantılar probleminin həlli üzrə addımlarda BMT-nin Ətraf Mühit Proqramının (UNEP) aparıcı rolunu qeyd etmək istərdim. UNEP ölkələr arasında əməkdaşlığı möhkəmləndirməklə plastik tullantılarla mübarizə üzrə qlobal təşəbbüs və proqramların inkişafını dəstəkləyir", - deyə M.Babayev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda bu sahəyə xüsusi diqqət yetirilir. O xatırladıb ki, 2019-cu ildən qalınlığı 15 mikrona qədər olan polietilen paketlərin, eləcə də birdəfəlik plastiklərin idxalı, istehsalı və satışı qadağan edilib. Bazarlarda 15-50 mikron qalınlığında polietilen paketlər alıcılara müəyyən ödəniş qarşılığında təklif olunur.
Nazir tibbi tullantılar probleminə də diqqət yetirib.
"Tibbi tullantılar ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Bu səbəbdən tibbi tullantıların toplanması, çeşidlənməsi, daşınması və utilizasiyası üçün müasir üsul və texnologiyalar tətbiq etməliyik", - o deyib.
Nazir qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı və digər rayonların sakinlərinin maarifləndirilməsi, tullantıların çeşidlənməsi, akkumulyator, şüşə, plastik və digər növ xammalların toplanması və təkrar emala yönəldilməsi üçün praktikaların formalaşması istiqamətində geniş maarifləndirmə tədbirləri həyata keçirilir.
""Təmiz ölkəm", "Təmiz hövzələr" kimi təmizlik aksiyaları keçirilir. Bu kimi addımlar Sıfır tullantı konsepsiyasını həyata keçirməyə kömək edir. Baxış nöqtəmizi dəyişdirməklə və tullantıları qiymətli resurs kimi nəzərdən keçirməklə bir çox iqtisadi, ekoloji və sosial faydalar əldə etmək olar. Bu dəyişikliklər dövlət siyasəti, özəl sektorda innovasiyalar və vətəndaşların fəal iştirakını əhatə edən kollektiv səylər tələb edir.
2022-ci ildə Azərbaycan Türkiyənin təşəbbüsü ilə irəli sürülmüş "Bütün dünyada, ortaq evimizdə sıfır tullantı üzrə qlobal öhdəlik" Bəyannaməsinə qoşulub. Hazırda bu istiqamətdə Türkiyə ilə fəal əməkdaşlıq edirik və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu cür əməkdaşlıq bizə tullantıların azaldılması və təkrar emalı sahəsində müsbət nəticələr əldə etməyə imkan verir", - deyə o əlavə edib.
Nazirlər Kabinetinin Kənd təsərrüfatı və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Bakıda keçirilən "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışında qeyd edib ki, tullantıların utilizasiyası və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi gündəlikdə duran əsas məsələlərdəndir.
Onun fikrincə, tullantıların təkrar emalı ilə əlaqəli dayanıqlı həllərə ehtiyac getdikcə artmaqdadır.
"Tullantıların miqdarının azaldılması və onların səmərəli təkrar emalı ətraf mühitin mühafizəsi üçün vacibdir", - deyə L.Qasımov qeyd edib.
Onun sözlərinə görə, hazırda bütün Azərbaycanda tikinti işləri nəticəsində yaranan tullantıların təkrar emalı və zərərsizləşdirilməsi istiqamətində işlər intensivləşib.
"Həmçinin ətraf mühitin mühafizəsi məqsədilə köhnə nəqliyyat vasitələrinin utilizasiyası prosesinə start verilib", - deyə L.Qasımov bildirib.
O, Azərbaycanın bütün sahələrdə "yaşıl" iqtisadiyyatın yaradılması istiqamətində irəlilədiyini, paralel olaraq ətraf mühit problemlərini həll etdiyini qeyd edib.
"İqlim dəyişikliyi insanların həyat şəraitinə ciddi təsir göstərir. Qarşıdakı COP29 ekoloji və iqlim "sağlamlığı" üçün yeni imkanlar yaradacaq", - deyə o əlavə edib.
Daha sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışında vurğulayıb ki, COP29-un astanasındayıq və inanırıq ki, tullantıların dayanıqlı idarə olunması üzrə özünü iqtisadi nöqteyi-nəzərdən təsdiqləyəcək dəyərli təkliflər irəli sürüləcək və qərarlar qəbul ediləcək.
Onun sözlərinə görə, BMT bərk tullantıların idarə olunması üzrə yeni konsepsiya hazırlayır və burada əks olunan tövsiyələr dövlətlərin müvafiq yeni strategiyalarında da yer alacaq.
Andreyeva Azərbaycanın tullantıların idarə olunması üzrə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə əməkdaşlıq etdiyini xatırladıb.
"Dünyada hər kəs tullantılarla bağlı davranışını radikal şəkildə dəyişməlidir. Təkcə hökumət və dövlət müəssisələri deyil, həm də özəl təşkilatlar və ev təsərrüfatları planetin təmizliyi üçün öz məsuliyyətlərini dərk etməlidir", - deyə Andreyeva vurğulayıb.
Onun fikrincə, tullantıların radikal şəkildə azaldılmasına resurslardan daha səmərəli istifadə yolu ilə nail olmaq mümkündür. Həmçinin ən son texnologiyalar da tullantıları təkrar emal etməyə imkan verir.