Son dövrlər ekoloji nəzarətin gücləndirilməsi və yaşıllıqların qorunması məqsədilə ağacların birkalanması, yəni QR kod vasitəsilə qeydiyyata alınması məsələsi daha çox müzakirə olunur. Bu sistem vasitəsilə hər bir ağac barədə məlumatların rəqəmsal bazada toplanması, onun növü, yaşı, yerləşdiyi ərazi və hüquqi statusunun izlənməsi mümkün olur. Məqsəd həm ağacların inventarlaşdırılmasını daha şəffaf etmək, həm də qanunsuz kəsim və müdaxilələrin qarşısını almaqdır.
Bununla bağlı ekoloq-bioloq, biologiya üzrə elmlər namizədi Eldar Şükürov Ekologiya.az-a açıqlama verərkən bildirib ki, QR kod vasitəsilə ağacların qeydiyyata alınması nəzəri baxımdan mümkündür:
“Burada söhbətin hansı ağaclardan getdiyi vacib məsələdir. Çünki ağaclar müxtəlif ərazilərdə yerləşir. Əgər söhbət qoruqlardakı ağaclardan gedirsə, bu halda belə bir sistem müəyyən qədər məntiqli və tətbiq oluna bilən görünür. Lakin Azərbaycanda geniş meşə sahələri var və həmin meşələrdəki bütün ağacların QR kod vasitəsilə qeydiyyata alınması praktik baxımdan real görünmür. Əgər söhbət yaşıllıq zolaqlarından, park və bağlarda əkilən ağaclardan gedirsə, bu məsələyə başqa prizmadan yanaşmaq lazımdır. Şəhər daxilində yaşıllaşdırma işlərinin Ekologiya Nazirliyinə birbaşa aidiyyatı yoxdur. Dolayı şəkildə, əlbəttə, havanın təmizlənməsi və oksigen balansının qorunması baxımından Ekologiya Nazirliyi bu məsələdə maraqlı tərəf ola bilər. Amma əsas etibarilə bu, şəhərsalma və memarlıq sahəsinə aid məsələdir”.
Ekoloqun sözlərinə görə, yaşıllaşdırma işləri müəyyən nəzarət çərçivəsində aparılmalıdır və əkilən ağac növləri də planlı şəkildə seçilməlidir:
“Bu baxımdan, həmin ağacların QR kod vasitəsilə qeydiyyata alınmasına ciddi ehtiyac görmürəm. Bu sistem nə qanunsuz ağac kəsiminin qarşısını alacaq, nə də ekoloji nəzarəti əhəmiyyətli dərəcədə gücləndirəcək. Belə bir qeydiyyat yalnız inventarlaşma məqsədilə faydalı ola bilər. Amma inventarlaşma işi də park və yaşıllıq sahələri üzrə aidiyyəti qurumlar, məsələn, Şəhərsalma İdarəsi tərəfindən aparılmalıdır. Qoruqlara gəldikdə isə, Ekologiya Nazirliyi həmin ərazilərdə bu üsuldan müəyyən dərəcədə istifadə edə bilər”.
Aysel Muxtar