Azərbaycanda son illərdə yol infrastrukturunun yenilənməsi və yeni avtomobil yollarının inşası istiqamətində mühüm layihələr həyata keçirilir.
Bu prosesdə dövlət qurumları ilə yanaşı, tenderlər vasitəsilə özəl sektor şirkətləri də fəal iştirak edir və müxtəlif yol tikintisi layihələrini icra edirlər. Lakin bəzi hallarda istifadəyə verilən yolların qısa müddət sonra güclü yağışların təsiri altında deformasiyaya uğraması, hətta bəzi hissələrinin tamamilə yuyulub sıradan çıxması ciddi narahatlıq doğurur.
Xüsusilə intensiv yağıntılardan sonra bəzi ərazilərdə asfalt örtüyünün dağılması, çökmələr və yol infrastrukturunda yaranan digər qüsurlar tikinti keyfiyyəti ilə bağlı sualları yenidən gündəmə gətirir. Bu vəziyyət həm büdcə vəsaitlərinin səmərəliliyi, həm də vətəndaşların təhlükəsizliyi baxımından mühüm müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Ekologiya.az-a danışan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, hər bir vəziyyətin özünəməxsus tərəfləri var:
“Burada yerin geoloji quruluşu və yerləşməsi mühüm rol oynayır. Bəzi ərazilərdə süxurlar lazımi dəqiqliklə öyrənilmir. Nəzərə almaq lazımdır ki, biz qismən seysmik zonada yerləşən bir ölkədə yaşayırıq. Bundan əlavə, qrunt suları da bəzən gözlənilməz istiqamətlərdən təsir göstərə bilər. Təbii ki, zamanla nəzarət sistemində buraxılmış qüsurlar və ya digər səbəblər nəticəsində Azərbaycanda bir çox yollar əsaslı şəkildə yenidən təmir olunub. Məsələn, Akord Korporasiyası tərəfindən 17-18 il əvvəl inşa edilmiş bəzi yollarda sonradan qüsurlar üzə çıxıb. Buna misal olaraq Bakı-Quba yolu və Bakı-Aeroport yolunu göstərmək olar”.
Ekspertin sözlərinə görə, səbəblər müxtəlif ola bilər:
“Burada ən effektiv nəzarət mexanizmlərindən biri uzunmüddətli bank zəmanəti hesab edilə bilər. Məsələn, hər hansı yol tikintisi üçün büdcə ayrılırsa, həmin vəsaitin müəyyən hissəsi risklər nəzərə alınaraq 10 il müddətinə bank zəmanətində saxlanıla bilər. Bu, yolun istismar dövründə yaranacaq aşınma və mümkün qüsurlara qarşı əlavə təminat rolunu oynayar. Şirkət əsas məbləği yalnız o halda tam şəkildə əldə etməlidir ki, yolun üzərindən zəmanət müddəti məsələn, 10 il keçsin və bu müddət ərzində yolun keyfiyyəti özünü doğrultmuş olsun”.

Aysel Muxtar