Bəzən göy üzünə baxanda sadəcə ulduzları görürük.
Bəzən isə o ulduzların min illərdir insanlığa danışdığı hekayələri…
Göy üzü bəşər tarixinin ən qədim kitabıdır. İnsanlar min illər boyu torpağı əkib-becərməzdən, dənizlərə açılmazdan, müharibələrə başlamazdan, hətta yeni dövlətlər qurmazdan əvvəl göy üzünü izləyirdilər.
Çünki onlar bilirdilər ki, göy üzü sadəcə işıqlardan ibarət sonsuz bir boşluq deyil. O, ilahi nizamın səssiz bir təcəllisidir.
Qurani-Kərimdə adı çəkilən yeganə ulduz olan Şi’ra (Sirius) da məhz buna görə hər zaman diqqətimi çəkib.
Nəcm surəsində buyurulan “Şübhəsiz ki, Şi’ranın da Rəbbi Odur” ayəsi mənə çox dərin bir həqiqəti xatırladır. Bu ayə ulduzlara müqəddəslik vermək üçün deyil, onların da Allahın yaratdığı mükəmməl nizamın bir parçası olduğunu göstərmək üçündür.
Bəlkə də elə buna görə göy üzünü oxumağa çalışmaq Allahın yaratdığı kainatdakı möhtəşəm nizamı anlamağa çalışmaqdır.
Astrologiya mənim üçün heç vaxt taleyi dəyişdirən bir sistem olmayıb.
Taleyi yalnız Allah yazar.
Ancaq Allahın yaratdığı kainatın işarələrini anlamağa çalışmaq, fəsillərin dəyişməsini izləmək, Ayın dənizlərdə yaratdığı qabarma və çəkilmələri müşahidə etmək kimi təbiətin qanunlarını dərk etməkdən fərqli deyil.
Məhz buna görə hər il iyul ayının ilk həftəsində yaşanan Sirius Günlərini böyük diqqətlə izləyirəm.
Bu il Sirius (Sodep) Günləri 5, 6, 7 və 8 iyul tarixlərinə təsadüf edir. Qədim ənənələrə görə, xüsusilə 6, 7 və 8 iyul Sirius enerjisinin ən güclü hiss olunduğu günlər hesab edilir. Buna görə də bu günlər dua etmək, niyyət tutmaq, qəlbi təmizləmək, bağışlamaq və yeni başlanğıclar üçün ən dəyərli zamanlardan biri sayılır.
Qədim Misirdən Mesopotamiyaya, Orta Asiyadan Anadoluya qədər bir çox qədim sivilizasiyalar bu günləri yeni başlanğıcların vaxtı kimi qəbul ediblər.
Qədim inanclara görə, bu günlərdə edilən duaların, tutulan niyyətlərin və atılan ilk addımların qarşıdakı bir ilin axarına simvolik təsir göstərdiyinə inanılırdı.
İnsan istər buna inansın, istər inanmasın…
Tarix boyu bunun izlərini görmək mümkündür.
Osmanlı dövründə Topqapı Sarayında bu gün də qorunan tilsimli köynəklər bunun ən maraqlı nümunələrindən biridir.
Rəvayətə görə, həmin köynəklərin toxunmasına məhz Sirius Günlərində başlanılır, üzərinə Qurani-Kərim ayələri və dualar işlənirdi. Aylarla davam edən zəhmətdən sonra hazırlanan bu köynəklər növbəti Sirius dövründə padşahlara və şahzadələrə geyindirilir, onları qəzalardan, bəlalardan və pisliklərdən qoruması niyyəti ilə saxlanılırdı.
Burada mənim diqqətimi çəkən məqam odur ki, keçmiş insanlar imanla göy üzünü bir-birindən ayırmırdılar.
Əksinə…
Göy üzünü Allahın yaratdığı böyük nizamın ayrılmaz bir hissəsi kimi qəbul edirdilər.
Diqqətimi çəkən başqa bir maraqlı fakt isə Amerika Birləşmiş Ştatlarının müstəqilliyini elan etdiyi tarixin də Sirius dövrünə təsadüf etməsidir.
Bunun qəsdən seçilib-seçilmədiyini bilmirəm.
Bəlkə də sadəcə təsadüfdür.
Amma tarix bəzən elə maraqlı uyğunluqlar göstərir ki, insan istər-istəməz düşünməyə başlayır. Və qarşıdakı bu bir il ABŞ üçün çox sürprizli olacaq!
Bu il diqqətimi çəkən başqa bir məsələ isə Türkiyədə keçirilən mühüm beynəlxalq görüşlərin -NATO toplantısı və diplomatik danışıqların da məhz bu günlərə təsadüf etməsidir.
Təsadüfdürmü?
Bəlkə…
Bəlkə də yox.
Bunu yalnız zaman göstərəcək.
Amma mən göy üzünə baxanda hiss edirəm ki, bu dövr təkcə Türkiyə üçün deyil, bütün regionumuz üçün mühüm qərarların veriləcəyi, yeni başlanğıcların yaşanacağı bir zamandır. Bu il Sirius Günlərinə qədəm qoyarkən göy üzü sanki susmur.
Hər bir planet bizə ayrı bir mesaj pıçıldayır.
Mars ilə Uran Əkizlər bürcündə qovuşur.
Gözlənilməz hadisələr…
Ani qərarlar…
Təəccüblü xəbərlər…
Həyatımızın istiqamətini dəyişə biləcək sürprizlər…
Neptun Qoç bürcündə retro hərəkətini davam etdirir.
İnandığımız dəyərləri…
Xəyallarımızı…
Həyata baxışımızı…
Yenidən gözdən keçiririk.
Merkuri Xərçəng bürcündə retro hərəkətdədir.
Keçmiş yenidən qapımızı döyür.
Yarımçıq qalmış söhbətlər…
Köhnə dostluqlar…
Ailə məsələləri…
Qəlbimizin dərinliyində gizlətdiyimiz duyğular yenidən üzə çıxır.
Yupiter Şir bürcündəki səyahətinə başlayıb.
O bizə cəsarətli olmağı…
Özümüzü göstərməyi…
İşığımızı gizlətməməyi öyrədir.
Sevginin, bərəkətin və maddi dəyərlərin planeti olan Venera isə Qız bürcünə keçib.
Artıq sadəcə istəmək kifayət etməyəcək.
Zəhmət çəkmək…
Səbir göstərmək…
Nizam yaratmaq…
Əsl dəyəri bilmək lazım gələcək.
Göy üzünün bu qədər hərəkətli olduğu bir dövrdə Sirius Günlərinin başlanmasını mən adi bir təsadüf kimi görmürəm.
Bəlkə də hamımıza verilən ortaq mesaj budur:
Bir az yavaşla…
Qəlbinə qulaq as…
Bağışla…
Şükür et…
Dua et…
Və yeni bir dövrə tərtəmiz niyyətlə başla…
Çünki bəzən insanın həyatını dəyişən böyük möcüzələr olmur.
Bəzən səmimi qəlbdən edilən bir dua…
Bəzən ürəkdən gələn bir tövbə…
Bəzən isə bütün varlığı ilə edilən gözəl bir niyyət…
Bəlkə də Sirius Günlərinin ən böyük sirri elə bundadır.
İnsan tarix boyu göy üzünə sadəcə baxmayıb.
Onu oxumağa çalışıb.
Çünki hər dövrün öz mesajı, hər zamanın öz hikməti var.
Sirius Günləri də mənim üçün məhz belə bir zamandır.
Özümüzə qayıtmaq…
Ruhumuzu dinləmək…
Səhvlərimizi qəbul etmək…
Allahdan bağışlanma diləmək…
Və gələcəyə daha təmiz bir qəlblə addımlamaq üçün bir fürsət.
İnanıram ki, insanın taleyini dəyişdirən ilk addım göydə deyil…
İnsanın öz qəlbində başlayır.
İndi isə gəlin, Sodep (Sirius) Günlərinin yüksələn bürclərə hansı mesajları gətirdiyinə birlikdə nəzər salaq.
Yüksələn Qoç
Bu Sirius dövrü sizi yeni başlanğıclara səsləyir. Qarşınıza gözləmədiyiniz fürsətlər çıxa bilər, lakin tələskənlik ən böyük sınağınız olacaq.
Tövsiyəm: Əvvəl dua edin, sonra qərar verin.
Yüksələn Buğa
Maddi məsələlər və öz dəyəriniz ön plana çıxır. Əziyyət çəkdiyiniz sahələrdə bərəkətin artdığını hiss edə bilərsiniz.
Tövsiyəm: Şükür etməyi və paylaşmağı unutmayın.
Yüksələn Əkizlər
Həyatınızın istiqamətini dəyişəcək gözlənilməz xəbərlər ala bilərsiniz. Dəyişiklikdən qorxmayın, onu qəbul edin.
Tövsiyəm: Tələsmədən danışın, intuisiyanıza güvənin.
Yüksələn Xərçəng
Keçmişdən qalan mövzular yenidən gündəmə gələ bilər. Bu dəfə onları həll edib geridə qoymaq üçün fürsətiniz var.
Tövsiyəm: Köhnə incikliklərlə yeni həyata başlamayın.
Yüksələn Şir
Parlayacağınız yeni bir dövr başlayır. Cəsarətiniz sizə yeni qapılar aça bilər.
Tövsiyəm: Öz işığınızdan çəkinməyin, amma təvazökarlığınızı da qoruyun.
Yüksələn Qız
Münasibətlərdə və maddi məsələlərdə daha seçici olacaqsınız. Həyatınıza nizam gətirdikcə daxili rahatlığınız da artacaq.
Tövsiyəm: Mükəmməlliyi deyil, tarazlığı axtarın.
Yüksələn Tərəzi
Münasibətləriniz yeni bir mərhələyə qədəm qoya bilər. Kimlərin həqiqətən yanınızda olduğunu daha aydın görəcəksiniz.
Tövsiyəm: Qərarlarınızı başqalarını razı salmaq üçün deyil, qəlbinizin səsi ilə verin.
Yüksələn Əqrəb
Gizli qalan həqiqətlər üzə çıxa bilər. Güclü intuisiyanız sizə doğru yolu göstərəcək.
Tövsiyəm: Daxili səsinizi susdurmayın.
Yüksələn Oxatan
Yeni yollar, yeni insanlar və yeni hədəflər həyatınıza daxil ola bilər. Qarşınıza çıxan fürsətləri dəyərləndirin.
Tövsiyəm: Qorxularınıza deyil, ümidlərinizə güvənin.
Yüksələn Oğlaq
Səbrlə göstərdiyiniz zəhmətin bəhrəsini toplamağa başlayırsınız. Xüsusilə iş və karyera sahəsində önəmli inkişaflar mümkündür.
Tövsiyəm: Yorulsanız da, yolunuzdan dönməyin.
Yüksələn Dolça
Yeni insanlar, yeni ideyalar və yeni imkanlar həyatınıza daxil ola bilər. Gözlənilməz dəyişikliklər sizi daha yaxşı bir gələcəyə aparacaq.
Tövsiyəm: Dəyişikliklə mübarizə aparmayın, onu fürsətə çevirin.
Yüksələn Balıq
Ruhən dərin bir təmizlənmə dövrünə daxil olursunuz. Dualarınız, niyyətləriniz və hissləriniz bu günlərdə sizə yol göstərəcək.
Tövsiyəm: Ümidinizi qoruyun.

Tünzalə Rafiqqızı, jurnalist-astroloq
Musavat.com