Son günlər ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti əhalinin gündəlik həyatına təsir göstərməkdə davam edir. Güclü külək bəzi bölgələrdə ağacların aşmasına, iri budaqların sınmasına, tikinti sahələrində və açıq məkanlarda təhlükəli vəziyyətlərin yaranmasına səbəb olub. Eyni zamanda, tozlanmanın artması, dənizdə dalğalanmanın güclənməsi və nəqliyyatın hərəkətində yaranan çətinliklər də küləkli havanın yaratdığı problemlər sırasındadır.

“İlin təxminən 220-230 günü Bakıda külək əsir. Yəni küləkli günlər daha çox olur. Bu səbəbdən də külək Bakı üçün normal haldır. Belə küləkli və sərin hava şəraiti müxtəlif illərdə də təkrarlanıb. Bir neçə il əvvəl də bunun şahidi olmuşuq. Mən hər il eyni vaxtda dənizə getdiyim və demək olar ki, hər gün sahildə olduğum üçün bunu yaxşı müşahidə edirəm. Bir neçə il əvvəl də çimərliklərdə fəaliyyət göstərən restoran və kafelər hava şəraitinə görə zərərlə işləyirdi. Belə hallar olur. Ötən il iyul ayı qismən isti keçsə də, iyun ayı sərin olmuşdu. Bu il də oxşar vəziyyətdir. Bunun iqlim dəyişiklikləri ilə əlaqəsi varmı? Əlbəttə, var. Dünyada baş verən iqlim prosesləri Yer kürəsinin müxtəlif bölgələrində fərqli şəkildə özünü göstərir. Məsələn, bir yerdə buxarlanma gedirsə, başqa bir ərazidə güclü yağıntılar müşahidə olunur. Bəzi isti bölgələrdə temperatur aşağı düşür”.
Ekoloqun sözlərinə görə, hazırda mülayim iyul havasını yaşayırıq:
“Artıq iyul ayının yarısını keçmişik, amma hələ də əvvəlki illərdə müşahidə etdiyimiz güclü istiləri görmürük. Digər tərəfdən, hava isti olanda da insanlar bunu dərhal iqlim dəyişiklikləri ilə əlaqələndirib anomal istilərdən danışırlar. Əslində isə hazırda normal yay istiləri müşahidə olunur. Sadəcə, hava bir qədər küləklidir. Külək də Bakı və Abşeron yarımadası üçün tamamilə normal meteoroloji hadisədir. Məsələn, dünən regionlarda idim. Hər yerdə hava isti idi, temperatur 30-32 dərəcə arasında dəyişirdi. Ancaq Abşeron ərazisinə daxil olduqdan, daha dəqiq desək, Qobustan istiqamətindən keçəndən sonra küləklə qarşılaşdıq. Bu, məhz həmin əraziyə xas olan hava şəraitidir. Külək bir neçə gün davam etdikdən sonra səngiyəcək. Daha doğrusu, sabah küləyin zəifləyəcəyi gözlənilir. Bir neçə gündən sonra yenidən küləkli hava ola bilər. Qısamüddətli yağıntılar da müşahidə oluna bilər. Bunların hamısı Abşeron yarımadasının xarakterik xüsusiyyətləridir.
Ona görə də narahat olmağa əsas yoxdur. Tövsiyəm odur ki, sağlamlıqlarına diqqət etsinlər, günəşdən qorunsunlar. Amma günəşdən qorunmaq o demək deyil ki, ümumiyyətlə günəşə çıxmasınlar. Əksinə, imkan olduqca yay günəşindən faydalanmaq, ölçülü şəkildə günəşlənmək sağlamlıq baxımından faydalıdır”.
Aysel Elnur