Sosial şəbəkələrdə İmişli Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin fəaliyyəti ilə bağlı müxtəlif iddiaların yer aldığı məlumat və videogörüntülər yayılıb.
Paylaşımlarda rayon ərazisində suvarma suyunun idarə olunması, qanunsuz balıq hövzələrinin yaradılması və dövlət balansında olan texnikalardan təyinatı üzrə istifadə edilməməsi ilə bağlı iddialar səsləndirilir.
Ekologiya.az xəbər verir ki, paylaşımlarda özlərini idarənin əməkdaşları kimi təqdim edən şəxslər bildirirlər ki, kənd təsərrüfatı üçün nəzərdə tutulan suyun bir hissəsi qanunsuz yaradıldığı iddia olunan balıq hövzələrinə yönəldilir.
Onların sözlərinə görə, bu səbəbdən xüsusilə yay aylarında suvarma suyuna tələbatın artdığı dövrdə yüzlərlə fermer su çatışmazlığı ilə üzləşir, nəticədə əkin sahələrinin məhsuldarlığına mənfi təsir göstərən vəziyyət yaranır. Şikayətdə iddia olunur ki, yaranmış problemlərin həlli istiqamətində zəruri tədbirlər görülmür və rəhbərlik mövcud vəziyyətin aradan qaldırılması əvəzinə şəxsi maraqları üstün tutur.
Paylaşımlarda diqqət çəkilən digər məsələ isə idarənin balansında olan xüsusi texnikaların istifadəsi ilə bağlıdır. İddialara əsasən, ekskavator və digər dövlət texnikaları mütəmadi olaraq ayrı-ayrı şəxslərə ödəniş müqabilində təqdim edilir və bundan qanunsuz gəlir əldə olunur. İddia olunur ki, qanunsuz olduğu bildirilən balıq hövzələrinin salınması zamanı məhz həmin dövlət texnikalarının işlədiyini əks etdirən videogörüntülər də mövcuddur. Paylaşım müəlliflərinin fikrincə, həmin görüntülər səsləndirilən iddiaların araşdırılması üçün mühüm əhəmiyyət daşıya bilər.

Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, sosial şəbəkələrdə yayılan iddialarla əlaqədar İcra Hakimiyyətinə indiyədək hər hansı rəsmi müraciət daxil olmayıb.
Aysel Muxtar