Son günlər ölkənin müxtəlif bölgələrində ayıların yaşayış məntəqələrinə, həyətyanı sahələrə və təsərrüfatlara daxil olması ilə bağlı məlumatlar artıb. Bu cür hadisələr vəhşi heyvanların yaşayış arealında baş verən dəyişikliklər və insan–təbiət təmasının intensivləşməsi ilə bağlı suallar yaradır. Bəs ayıların yaşayış məntəqələrinə enməsinin səbəbi nədir?
Mövzu ilə bağlı AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov Ekologiya.az-a açıqlamasında deyib ki, son dövrlərdə təbiətə insan müdaxiləsinin artması vəhşi heyvanların təbii areallarının daralmasına, onların yaşayış yerlərinin məhv olmasına səbəb olur:
“Nəticədə bəzi ərazilərdə vəhşi heyvanlar insanlarla eyni məkanı bölüşmək məcburiyyətində qalırlar. Bu hal xüsusilə Abşeron yarımadasında daha qabarıq müşahidə edilir. Fauna növlərinin, o cümlədən zəhərli ilanların və bəzi yırtıcı heyvanların təbii yaşayış mühiti demək olar ki, qalmayıb. Buna görə də ilanlara daha çox həyətlərdə, bağlarda və insanların yaşadığı ərazilərdə rast gəlinir. İnsanlarla vəhşi heyvanların birgə yaşamaq məcburiyyətində qalması ilanlarla qarşılaşma hallarının da artmasına gətirib çıxarır. Digər tərəfdən, ayı, canavar kimi yırtıcı məməlilərin yaşayış məntəqələrində görünməsi halları da çoxalıb. Bu heyvanlar bəzən fərdi heyvandarlıq təsərrüfatlarına ziyan vurur, mal-qaranı tələf edirlər. Belə hadisələr daha çox dağlıq və meşəlik ərazilərdə, kəndlərin birbaşa meşə ekosisteminə yaxın yerləşdiyi yerlərdə baş verir. Bunun əsas səbəbi həmin heyvanların yaşayış yerlərinin daralması və qida ehtiyatlarının azalmasıdır. Onlar öz təbii mühitlərində kifayət qədər yem tapa bilmədiklərinə görə, xüsusilə gecə saatlarında qida axtarmaq məqsədilə kəndlərə, hətta həyətlərə qədər gəlirlər”.
Fəlsəfə doktoru qeyd edib ki, bu proses müəyyən mənada qaçılmazdır:
“Çünki insanların fəaliyyəti nəticəsində bəzi ərazilərdə insanlarla vəhşi heyvanların yaşayış məkanları üst-üstə düşür. Qeyd etmək lazımdır ki, nə ayı, nə canavar, nə də zəhərli ilan insanlara hücum etmək məqsədilə yaşayış məntəqələrinə gəlmir. Onların bu ərazilərdə görünməsinin əsas səbəbi yaşayış yerlərinin insan məskənləri ilə bitişik olması və təbii qida mənbələrinin tükənməsidir. 
Belə ərazilərdə yaşayan insanlar da müəyyən ehtiyat tədbirlərinə əməl etməlidirlər. Kəndlərin və evlərin ətrafına məişət tullantıları, qida qalıqları atılmamalıdır. Çünki bu tullantılar yırtıcı heyvanları yaşayış məntəqələrinə cəlb edir və onların insanlarla qarşılaşma ehtimalını artırır. Əgər belə heyvanlarla qarşılaşma baş verərsə, vahiməyə düşmək və təşvişə qapılmaq düzgün deyil. Ayı, canavar kimi yırtıcılar təbiətdə rast gəlmədikləri yüksək səslərdən – insan qışqırığından, tüfəng səsindən, metal qab-qacağın taqqıltısından, konserv bankalarının və şüşə butulkaların bir-birinə dəyərkən çıxardığı cingiltili səslərdən çəkinərək ərazini tərk edirlər”.
T. İsgəndərov bildirib ki, heyvan həyətə daxil olarsa, ona qarşı aqressiv davranmaq, hücum etmək və ya qovmağa çalışmaq olmaz:
“Sakit davranaraq, onu qorxuda biləcək səslər çıxarmaqla ərazidən uzaqlaşdırmaq mümkündür. Əgər heyvan müəyyən məsafədədirsə və siz bir-birinizi görürsünüzsə, ani hərəkətlər etməmək tövsiyə olunur. Adətən heyvan təhlükə hiss etmədikdə istiqamətini dəyişərək uzaqlaşır və insana hücum etmir. Buna görə də belə hallarda aqressiv davranışdan çəkinmək vacibdir.
Son illərdə yırtıcı və zəhərli heyvanlarla qarşılaşma hallarının artması insanların həmin heyvanların yaşayış areallarına daha çox müdaxilə etməsi və təbii mühitin daralması ilə bağlıdır. Bu səbəbdən vətəndaşlar həm vəhşi heyvanlarla davranış qaydalarını, həm də onlardan qorunma üsullarını bilməli və təhlükəsizlik qaydalarına əməl etməlidirlər”.
Aysel Elnur