Azərbaycanda avtomobil parkının böyük hissəsini uzun illər istismarda olan nəqliyyat vasitələri təşkil edir. Köhnə avtomobillərin çoxluğu həm ətraf mühitə, həm də yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərir. Bu səbəbdən zaman-zaman köhnə avtomobillərlə bağlı məhdudiyyətlərin tətbiqi məsələsi də gündəmə gəlir.

Bununla bağlı nəqliyyat eksperti Aslan Əsədov Ekologiya.az-a açıqlamasında deyib ki, Azərbaycanda avtomobil parkının ekoloji vəziyyətinə nəzər saldıqda görürük ki, ölkədə istismarda olan avtomobillərin təxminən 70 faizi 10 ildən artıq yaşı olan nəqliyyat vasitələridir:


“Bu isə kifayət qədər böyük göstəricidir. Söhbət təxminən 1,5 milyon avtomobildən gedir. Yəni ölkədə istifadə olunan avtomobillərin əhəmiyyətli hissəsi köhnə avtomobillərdir. Bununla bağlı müəyyən dövlət proqramları hazırlanır. Mən məsələyə daha çox ekoloji baxımdan yanaşmaq istərdim. Çünki ekoloji cəhətdən daha müasir və ətraf mühitə dost olan avtomobillərin istifadəsinin təşviqi dövlət proqramlarının əsas istiqamətlərindən biridir. Lakin burada əsas məsələ ondan ibarətdir ki, alternativ nəqliyyat vasitələri – plagin hibridlər, elektromobillər və digər yeni nəsil avtomobillərlə bağlı da müəyyən problemlər mövcuddur. Xüsusilə akkumulyatorların utilizasiyası, bu sahədə yaranan çətinliklər, eləcə də avtomobillərin proqram təminatı ilə bağlı narahatlıqlar gündəmə gəlib. Bütün bunlar müəyyən mənada həmin nəqliyyat vasitələrinin mənfi reklamına səbəb olub. Məsələn, şarj infrastrukturunun kifayət qədər inkişaf etməməsi və ya bəzi elektromobillərin alışması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə bu avtomobillərə münasibətə mənfi təsir göstərib”.

O bildirib ki, ona görə də 10 ildən artıq yaşı olan avtomobillərin istismarının davam etdirilməsi üçün əsas yol onların texniki cəhətdən müasirləşdirilməsidir:

“Burada yanacaq sisteminin daha müasir və səmərəli olması xüsusi əhəmiyyət daşıyır. Məsələn, mühərrikin daha rahat işə düşməsi, faydalı iş əmsalının artırılması və digər texniki yeniliklər müasir nəqliyyat infrastrukturunun vacib elementlərindəndir.

 Bu yanaşma nəticəsində nəqliyyat vasitələrinin təhlükəsiz istismarı, onların bərpası və uzunömürlü istifadəsi təmin oluna bilər. Yəni avtomobil köhnə olsa belə, onun müasir standartlara uyğun şəkildə təchiz edilməsi daha vacibdir. Köhnə avtomobilin də ətraf mühitə təsiri minimum səviyyədə olmalıdır. O, qara tüstü buraxmamalı, istifadə olunan yanacaq daha keyfiyyətli olmalı, tərkibində mühərrikin daha səmərəli işləməsinə kömək edən keyfiyyətli qatqılar yer almalıdır. Bütün bunlar nəqliyyat infrastrukturunun əsas meyarlarından və vacib elementlərindən biridir”.

Aysel Muxtar