Ölkə ərazisində müşahidə olunan güclü külək hava şəraitini xeyli mürəkkəbləşdirib. Küləyin təsiri nəticəsində ağacların aşması, tikinti elementlərinin qoparaq ətrafa səpələnməsi, reklam lövhələrinin yerindən çıxması, elektrik xətlərində nasazlıqlar və nəqliyyatın hərəkətində çətinliklər qeydə alınıb. Belə hava şəraiti təkcə əmlaka deyil, insanların həyat və sağlamlığına da ciddi təhlükə yaradır.
Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev Ekologiya.az-a açıqlamasında deyib ki, bu cür hava şəraitində vətəndaşlara tövsiyə olunur ki, zərurət olmadığı halda açıq ərazilərə çıxmasınlar:

“Əgər hər hansı səbəbdən çölə çıxmaq zərurəti yaranarsa, köhnə konstruksiyalardan, sabit olmayan qurğulardan, eləcə də ağac və digər tikililərdən uzaq dursunlar. Həmçinin nəqliyyat vasitələrinin park edilməsi zamanı avtomobillərin köhnə, çürümüş ağacların və ya sabit olmayan konstruksiyaların yaxınlığında saxlanılması məsləhət görülmür. Tikinti sahələrinə gəldikdə isə, Əmək Məcəlləsinin müvafiq tələblərinə əsasən, küləyin sürəti 6 balı, yəni saniyədə 12 metri keçdikdə tikinti işləri, dam örtüyü ilə bağlı işlər, eləcə də yükqaldırma əməliyyatları müvəqqəti olaraq dayandırılmalıdır”.
Qeyd edək ki, iyulun 27-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.
Aysel Elnur