Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonunda “Maysak” qasırğasının gətirdiyi şiddətli yağışların fəsadları nəticəsində 6 nəfər ölüb, 11 nəfər itkin düşüb.

AZƏRTAC muxtar rayonun səlahiyyətli qurumlarının açıqlamalarına istinadla xəbər verir ki, şiddətli yağışlar çaylarda və su anbarlarında suyun çoxalmasına səbəb olub. Nəticədə Hencou bələdiyyəsindəki bənd dağılıb və yaşayış məntəqələri, əkin sahələri, yollar su altında qalıb. Son məlumatlara görə, təbii fəlakət ümumilikdə 375 min insana təsir edib, təxminən 130 min sakin təxliyə edilib.

Bölgədə axtarış-xilasetmə əməliyyatı davam edir. Əməliyyata, eləcə də təhlükənin aradan qaldırılmasına 8 min nəfərdən çox canlı qüvvə, 1700 nəqliyyat vasitəsi və 5700 qayıq cəlb olunub.

Meteoroloqlar bəzi yerlərdə növbəti 3 gün ərzində güclü yağışların davam edəcəyini proqnozlaşdırıb. Hazırda 341 su anbarında daşqın limitindən artıq su var. Quansidəki 41 çayda suyun səviyyəsi xəbərdarlıq həddini aşıb.

Çinin digər regionlarından Quansidə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına və bərpa işlərinə əlavə qüvvələr cəlb olunub. Dövlət qurumları və sosial təşkilatların iştirak etdiyi təcili təchizat mexanizmi vasitəsilə Quansiyə ərzaq bağlamaları, işıqlandırma avadanlığı, geyimlər, çadırlar, döşəklər də daxil olmaqla ehtiyac duyulan yardımlar göndərilir.

Qeyd edək ki, “Maysak” qasırğası iyulun 4-dən Quansi Cuan Muxtar Rayonuna şiddətli yağış və külək gətirib.