Son günlər yağan intensiv yağıntılar Zaqatala rayonunda bir sıra fəsadlara səbəb olub.

Ekologiya.az xəbər verir ki, dağ çaylarında suyun səviyyəsi yüksəlib, bəzi ərazilərdə yol infrastrukturu və kommunikasiya xətləri zərər görüb. Sel suları Anar Həmidov, Nəriman Nərimanov və Zeynalabdin Təğıyev küçələrindən keçən elektrik dirəklərinə, təbii qaz xətlərinə və su təsərrüfatı infrastrukturuna ciddi ziyan vurub.

Gecə saatlarından başlayaraq yağan leysan yağışlar rayonun dağ çaylarında suyun səviyyəsini kəskin artırıb. Nəticədə yol və kommunikasiya infrastrukturuna ziyan dəyib. Aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Hazırda ərazilərdə suyun çəkilməsi, yuyulan sahələrin bərpası və zədələnmiş kommunikasiya xətlərinin yenidən qurulması istiqamətində işlər görülür.

Baş verən təbii hadisə ilə əlaqədar rayon Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə baxış keçirilib, vəziyyət qiymətləndirilib və aidiyyəti qurumlara operativ tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, bölgədə son üç gündür qeyri-sabit hava şəraiti müşahidə olunur. Proqnoza görə, bu gündən etibarən yağıntının tədricən səngiməsi və hava şəraitinin nisbətən sabitləşməsi gözlənilir.