• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Heyvandarlıqda innovativ yenilik - xırdabuynuzlu heyvanlar ölkədə ilk dəfə avtomatlaşdırılmış qurğu ilə dezinfeksiya edilib

    10

    iyn

    Heyvandarlıqda innovativ yenilik - xırdabuynuzlu heyvanlar ölkədə ilk dəfə avtomatlaşdırılmış qurğu ilə dezinfeksiya edilib

    İşğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köç mövsümünün yaxınlaşması ilə əlaqədar ölkənin müxtəlif bölgələrində xırdabuynuzlu heyvan sürülərinin sağlamlıq vəziyyətinə nəzarət gücləndirilib. Səhiyyə və profilaktik tədbirlərin artırılması, parazitar xəstəliklərin qarşısının alınması və heyvanların sanitar vəziyyətinin yaxşılaşdırılması köç ərəfəsində əsas prioritetlər kimi müəyyən edilib.


    Ekologiya.az xəbər verir ki, Zərdab rayonunun Bəyimli qəsəbəsindəki iri təsərrüfatlardan birində tətbiq edilən innovativ yanaşma böyük marağa səbəb olub.


    Belə ki, ölkəmizdə ilk dəfə olaraq xırdabuynuzlu heyvanların çimizdirilməsi və dezinfeksiyası prosesi müasir, avtomatlaşdırılmış xüsusi qurğu vasitəsilə həyata keçirilib. Bu texnologiyanın tətbiqi ənənəvi üsullarla müqayisədə vaxt itkisini əhəmiyyətli dərəcədə azaldır və xəstəliklərə qarşı mübarizədə daha yüksək effektivlik təmin edir.

    Ənənəvi üsullardan müasir sistemə keçid

    Təsərrüfat sahibi Nurəhməd Məmmədov uzun illərdir heyvandarlıqla məşğul olduqlarını bildirərək, ənənəvi çimizdirmə üsullarının çətinliklərindən bəhs edib: “Əvvəllər heyvanların çimizdirilməsi üçün xüsusi quyular qazılırdı. Həmin quyuların ətrafı bərkidilir, içi dərmanlı su ilə doldurulurdu. Sonra heyvanlar əl ilə, böyük fiziki güc hesabına yuyulurdu. Bu proses həm çox vaxt aparırdı, həm də 3-4 nəfərin fasiləsiz əməyini tələb edirdi”.

    Onun sözlərinə görə, yeni texnologiyanın tətbiqindən sonra bu proses tamamilə dəyişib və daha səmərəli mərhələyə keçib. “İndi hər şey avtomatlaşdırılıb. Heyvanlar sadəcə qurğunun içindən keçir və sistem özü işləyir. Nə ağır əmək tələb olunur, nə də əlavə vaxt itkisi yaranır”, - deyə Nurəhməd Məmmədov əlavə edib.

    Yeni qurğu xüsusi layihələndirilmiş keçid zonasından ibarətdir. Xırdabuynuzlu heyvanlar müəyyən edilmiş sahəyə daxil olduqda sistem mexaniki olaraq işə düşür. Heyvanların hərəkəti ilə sinxron şəkildə idarə olunan mexanizm dərmanlı suyun verilməsini avtomatik tənzimləyir. Sürünün keçidi zamanı qurğunun müxtəlif istiqamətlərindən yüksək təzyiqlə püskürdülən xüsusi məhlul heyvanların bədən səthini tam əhatə edir. Bu proses parazitlərə qarşı səmərəli mübarizə aparmaq və yüksək dezinfeksiya məqsədi daşıyır.

    Mütəxəssislərin fikrincə, innovativ üsulun ən mühüm üstünlüklərindən biri məhlulun bərabər paylanması və hər bir heyvanın eyni standartla yuyulmasıdır. Eyni zamanda, proses qısa müddətdə və fasiləsiz başa çatdığı üçün heyvanların stress səviyyəsi də minimuma enir.

    Həm vaxta, həm də vəsaitə qənaət

    Təsərrüfatla məşğul olan fermer Təbriz Şəmşirli yeni sistemin gündəlik iş yükünü xeyli azaltdığını vurğulayıb: “Əvvəllər bu proses çox çətin idi. Heyvanları bir-bir vannaya salıb yumaq lazım gəlirdi. İndi isə sadəcə keçidə yönləndiririk. Bir qoyun təxminən bir dəqiqəyə tam şəkildə yuyulur. Bu, həm vaxt, həm də əmək baxımından böyük fərq yaradır”.

    Yeni texnologiyanın tətbiqinə baxmayaraq, göstərilən xidmətin qiyməti sabit saxlanılıb. Rayon üzrə bütün ərazilərdə bir baş qoyunun qırxılması və xüsusi məhlullarla çimizdirilməsi 2 manat təşkil edir ki, bu da fermerlər tərəfindən əlçatan hesab olunur.

    Proses Zərdab Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşlarının nəzarəti altında icra olunur. İdarə rəisi Şaiq Teyyubov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tətbiq olunan üsul bir çox ölkələrdə artıq uzun müddətdir istifadə edilir və effektivliyi sübut olunub. “Bu texnologiyanın əsas üstünlüyü heyvanların daha az stress keçirməsidir. Dərman bərabər şəkildə paylanır, həm vaxt, həm də dərman itkisi minimuma enir. Xüsusilə iri təsərrüfatlar üçün çox böyük üstünlükdür,” – deyə o bildirib.

    Beş min baş heyvan artıq dezinfeksiya olunub

    İlk dəfə tətbiq edilən bu innovativ qurğu vasitəsilə indiyədək təxminən 5 min baş xırdabuynuzlu heyvan xüsusi baytarlıq məhlulları ilə çimizdirilib. Proses yalnız yerli təsərrüfatlarla məhdudlaşmır, ətraf rayonlardan gələn fermerlər də bu xidmətdən istifadə edirlər.

    Mütəxəssislərin qənaətinə görə, bu tip texnologiyaların tətbiqi ölkədə heyvandarlığın modernləşdirilməsi istiqamətində mühüm addımlardan biridir. Xüsusilə yaylaq mövsümünə hazırlıq dövründə belə sistemlər həm epizootik risklərin azalmasına, həm də təsərrüfatların daha dayanıqlı fəaliyyətinə şərait yaradır. Bu yenilik gələcəkdə digər rayonlarda da genişləndirilə biləcək nümunəvi model kimi qiymətləndirilir.

    Tarix : Bu gün, 11:44 | Oxunub: 120