Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə Sabirabad, Qəbələ, Zaqatala rayonlarının meşə sahələrində və Şirvan Milli Parkında “Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər təşkil olunub.
Meşə və yaşıllıq ərazilərində baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə keçirilən təlimlərdə yanğın risklərinin azaldılması, profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğın hadisələrinin vaxtında aşkar edilərək qarşısının alınması və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Təlim zamanı yanğınların söndürülməsi üsulları, ilkin müdaxilə qaydaları və fövqəladə hallarda operativ fəaliyyət mexanizmləri iştirakçılara əyani şəkildə nümayiş etdirilib. Bu cür tədbirlərin keçirilməsi meşə və yaşıllıq ərazilərinin yanğınlardan qorunmasına, həmçinin əhalinin maarifləndirilməsinə mühüm töhfə verir.
