Balakən və Zaqatalada qoz-fındıq bağlarında müşahidə olunan həşəratların kütləvi artımı yerli sakinlərdə ciddi narahatlıq yaradıb. Sakinlər bildirirlər ki, ağacları bürüyən zərərvericilər məhsuldarlığa mənfi təsir göstərə və təsərrüfatlara ciddi ziyan vura bilər. Balakən və Zaqatalada qoz-fındıq ağaclarında həşəratların kütləvi artımının əsas səbəbi nə ola bilər?
Mövzu ilə bağlı Ekologiya.az-a danışan aqrar məsələlər üzrə ekspert Allahverdi Mustafayev bildirib ki, son dövrlərdə Azərbaycanın şimal bölgələrində, xüsusilə Balakən və Zaqatala rayonlarında fındıq və digər bitkilər üçün ciddi təhlükə yaradan qəhvəyi mərmər taxtabitisi və Amerika ağ kəpənəyinin yayılması müşahidə olunur:
“Bu zərərvericilər karantin əhəmiyyətli növlərdir və məhsuldarlığa ciddi ziyan vururlar. Əvvəlki illərdə bu zərərvericilər həmin ərazilərdə müşahidə edilməyib. Qəhvəyi mərmər taxtabitisinin ilk olaraq Gürcüstanla sərhəd zonalarından Azərbaycana keçdiyi, Amerika ağ kəpənəyinin isə ölkədə ilk dəfə Xaçmaz rayonunda, hələ Sovet dövründə aşkarlandığı bildirilir. İnvaziv növ olduqları üçün onlar özlərinə əlverişli iqlim və mühit formalaşdıqda sürətlə çoxalaraq geniş ərazilərə yayılırlar. Zərərvericilərlə mübarizədə dövlət qurumlarının fəaliyyəti mühüm olsa da, əsas məsuliyyət təsərrüfat sahiblərinin üzərinə düşür. Çünki bir təsərrüfat sahibi mübarizə aparıb, qonşu sahələrdə bu tədbirlər görülməzsə, zərərvericilərin yenidən yayılması qaçılmaz olur. Buna görə də mübarizə fərdi deyil, ümumi yanaşma ilə aparılmalıdır”.

Ekspert əlavə edib ki, insanların bu məsələdə maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır:
“Çünki məhdud sayda mütəxəssis və bitki mühafizə əməkdaşlarının bütün ərazilərə eyni anda nəzarət etməsi fiziki baxımdan mümkün deyil. Bu səbəbdən əhalinin zərərvericiləri erkən mərhələdə aşkar edib operativ tədbir görməsi vacib sayılır. Məsələn, Amerika ağ kəpənəyinin inkişaf mərhələlərinin ilkin dövründə sürfələr bir neçə yarpağı tor şəklində bükərək yuva yaradır. Həmin mərhələdə bu torların ağacdan götürülməsi ilə zərərvericinin yayılmasının qarşısını almaq mümkündür. Bu üsul həm kimyəvi müdaxilə tələb etmir, həm də ekoloji baxımdan daha təhlükəsiz hesab olunur. Lakin bir çox hallarda müdaxilə gecikir və zərərverici bütün ağacı bürüdükdən sonra problem daha da böyüyür. Hazırda zərərvericilərə qarşı şimal rayonlarında intensiv mübarizə tədbirləri davam etdirilir. Bununla belə, texnika, avadanlıq və mütəxəssis sayının məhdud olması səbəbindən proses mərhələli şəkildə kəndbəkənd aparılır. Bu səbəbdən qısa müddətdə bütün ərazilərin tam əhatə olunması mümkün deyil”.
Aysel Muxtar