İqlim dəyişikliyi, havanın çirklənməsi və karbon emissiyalarının artması fonunda elektrikli avtomobillər ekoloji alternativ kimi daha çox ön plana çıxır. Daxili yanma mühərrikli nəqliyyat vasitələri ilə müqayisədə atmosferə birbaşa zərərli qaz tullantısı buraxmayan bu avtomobillər, yaşıl gələcəyə keçidin əsas elementlərindən biri kimi təqdim olunur. Bununla belə, mütəxəssislər elektrikli avtomobillərin ekoloji təsirinin yalnız istifadəsi ilə məhdudlaşmadığını vurğulayırlar.
Batareyaların istehsalı, enerji mənbələrinin xarakteri və utilizasiya prosesi də ümumi ekoloji balansda mühüm rol oynayır. Bu səbəbdən elektrikli avtomobillərin həqiqətən nə dərəcədə ekoloji çıxış yolu olduğu ətrafında müzakirələr davam edir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Ekologiya.az-a bildirib ki, elektromobillərin daxili yanma mühərriki və egzoz sistemi olmadığı üçün onlar hərəkət zamanı atmosferə karbon qazı (CO₂), azot oksidləri və digər zərərli qazlar buraxmırlar:

“Bu isə xüsusilə iri şəhərlərdə hava çirkliliyinin azaldılması baxımından mühüm üstünlük hesab olunur. Bununla yanaşı, elektromobillərin səssiz işləməsi səs-küy çirkliliyinin azalmasına da ciddi töhfə verir. Xüsusilə nəqliyyat sıxlığının yüksək olduğu urban ərazilərdə bu amil insanların həyat keyfiyyətinə müsbət təsir göstərir. Məhz buna görə bir çox ekspert elektromobilləri şəhər mühitinin gələcəyi hesab edir. Elektromobilin özü təmiz görünə bilər, lakin əsas suallardan biri onun istifadə etdiyi enerjinin haradan əldə olunmasıdır. Çünki avtomobilin ekoloji təsirini yalnız “egzoz yoxdur” arqumenti ilə ölçmək yetərli deyil. Əgər elektromobilin batareyası kömür, mazut və ya təbii qazla işləyən istilik elektrik stansiyalarında istehsal olunan enerji ilə doldurulursa, bu halda karbon emissiyası avtomobilin özündən deyil, elektrik istehsal edən müəssisələrin bacalarından atmosferə buraxılmış olur”.
Ekspert qeyd edib ki, tam ekoloji üstünlükdən danışmaq üçün elektrik enerjisinin günəş, külək, hidroelektrik və digər bərpa olunan enerji mənbələrindən əldə edilməsi vacibdir:
“Məhz bu halda elektromobillər həqiqətən aşağı karbonlu nəqliyyat vasitəsinə çevrilirlər. Elektromobillərlə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də litium-ion batareyaların istehsalıdır. Bu batareyaların hazırlanması üçün litium, kobalt, nikel və manqan kimi strateji metallar tələb olunur. Həmin metalların hasilatı və emalı olduqca enerji tələb edən prosesdir. Mədən işləri torpaq deqradasiyasına, su resurslarının çirklənməsinə və yüksək karbon emissiyasına səbəb ola bilir. Xüsusilə kobalt hasilatı ilə bağlı ekoloji və etik problemlər uzun müddətdir beynəlxalq müzakirə mövzusudur. Maraqlı məqamlardan biri budur ki, zavoddan yeni çıxan elektromobilin istehsalı zamanı yaranan ümumi karbon emissiyası bir çox hallarda benzinli avtomobilin istehsalı zamanı yaranan emissiyadan daha yüksək olur”.
Aysel Muxtar