Son illərdə ekoloji dəyişikliklər dünyanın iqlim sisteminə ciddi təsir göstərərək ayrı-ayrı regionlarında qeyri-sabit hava şəraitinin hökm sürməsinə gətirib çıxarır. Bu qeyri-sabit hava şəraiti fəsillərə xas olmayan təbiət hadisələrini də adi hala çevirir.
Məsələn, bu ilin may ayının statistik göstəricisinə nəzər salsaq, görərik ki, Bakı və Abşeron yağıntının miqdarına görə, çoxillik rekord göstəricisinə malik olub.
Belə ki, may ərzində bu ərazilərə düşən yağıntının miqdarı 70-103 mm qeydə alınıb ki, bu da aylıq normanın 355-523 %-ni təşkil edib.
Yaxud hazırda ölkə ərazisində yay fəsli olmasına baxmayaraq, Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, Azərbaycanın əksər yerlərində şimşək çaxır, yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə hətta leysan xarakterli olmağa başlayıb.
Anomal tendensiya təkcə Azərbaycanda özünü göstərmir. Eyni hal dünyanın əksər ölkə və şəhərlərində də müşahidə olunur.

Bruklində güclü yağıntılar səbəbindən bəzi avtomagistrallar müvəqqəti bağlanıb. Hətta daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Fəslə xas olmayan hava şəraiti Türkiyənin İstanbul şəhərində də neqativ nəticələrə yol açıb. Leysan nəticəsində şəhərin Beşiktaş, Fatih, Şişli, Bakırköy, Sultangazi və Kağıthane rayonlarında küçələri su basıb, nəqliyyatın hərəkətində çətinlik yaşanıb.
Oxşar problem Gürcüstanın paytaxtı Tbilisidə də qeydə alınıb. Güclü yağış Vaja-Pşavela metro stansiyasının yaxınlığında yerləşən tikinti sahəsinin ərazisində, yaşayış binasının yaxınlığında torpaq sürüşməsinə səbəb olub.
İqlim dəyişikliyinin fəsadları, şübhəsiz, özünü təkcə yağış, leysan, torpaq sürüşməsi ilə büruzə vermir. Hazırda ABŞ və Avropanın başqa regionlarında isə mövsümə xas olmayan anomal istilər ölüm faktlarına yol açır.
Belə ki, ABŞ-nin Nyu-Cersi ştatında bu ayın əvvəllərinə olan statistikaya əsasən 22 nəfər isti səbəbindən ölüb.

İsti hava şəraiti ölüm faktları ilə yanaşı, ekoloji problemləri də gündəmə gətirib. Belə ki, Fransanın cənubunda anomal isti hava dalğasından sonra bir neçə iri meşə yanğını baş verib. Hazırda yanğının sahəsi 700 hektar olaraq qiymətləndirilir. İsveçrədə isə buzlaqların əriməsi başqa bir ekoloji problemə nümunədir.
Şübhəsiz, təbii fəlakətlərdən qorunmaq, onların fəsadlarını minimuma endirmək üçün hökumətlər müəyyən tədbirlər həyata keçirirlər. Amma əsas olan təbiətə və iqlimə məsuliyyətli yanaşma və iqlim dəyişikliyinə mümkün uyğunlaşmadır.