Qanunsuz karxana fəaliyyəti və nəzarətsiz qum hasilatı son illər Azərbaycanda ekoloji problemləri dərinləşdirən əsas amillərdən biri kimi diqqət çəkir. Təbii sərvətlərin qanunsuz istismarı torpaq örtüyünün deqradasiyasına, landşaftın təbii quruluşunun dəyişməsinə, biomüxtəlifliyin azalmasına və ekosistemlərin tarazlığının pozulmasına səbəb olur. 

Bəs bu fəaliyyətin ətraf mühitə vurduğu zərər hansı nəticələrə gətirib çıxarır və problemin qarşısını almaq üçün hansı tədbirlərin görülməsi vacibdir?


Bu barədə biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev Ekologiya.az-a açıqlamasında deyib ki,  karxanalar mövzusu Azərbaycan üçün olduqca mühüm və eyni zamanda ağrılı məsələlərdən biridir:

“Tikinti sektorunun inkişafı, yol və digər infrastruktur layihələrinin genişlənməsi nəticəsində daş, qum, çınqıl, mişar daşı və digər tikinti materiallarına tələbat xeyli artıb. Bununla əlaqədar ölkənin müxtəlif rayonlarında qeyri-bərabər şəkildə yerləşən karxanaların fəaliyyəti də genişlənib və intensiv xarakter alıb. Bu, çox geniş araşdırma tələb edən bir sahədir. Ümumiyyətlə, ölkənin mineral-xammal ehtiyatları üzrə hərtərəfli audit aparılmalı, respublika üzrə tam inventarizasiya həyata keçirilməlidir. Ekoloji baxımdan yanaşdıqda isə karxanalar ətraf mühitə müxtəlif istiqamətlər üzrə ciddi antropogen təsirlər göstərir. İlk növbədə landşaft və relyef pozulur. Faydalı qazıntıların çıxarıldığı ərazilərdə təbii landşaft tamamilə dəyişərək antropogen landşafta çevrilir. Yerin təkinin istismarı nəticəsində aparılan işlər həmin ərazilərin təbii görünüşünü məhv edir, relyefi dəyişdirir və landşaftın deqradasiyasına səbəb olur”.

Ekoloqun sözlərinə görə, mühüm problem torpaq örtüyünün məhv edilməsidir:

“Karxanalarda aparılan istismar işləri nəticəsində torpaq örtüyü deqradasiyaya uğrayır. Halbuki təbii şəraitdə cəmi bir kubmetr münbit torpağın formalaşması üçün milyon illər tələb olunur. Milyon illər ərzində yaranmış bu qiymətli təbii resurs isə ağır texnikanın fəaliyyəti nəticəsində cəmi bir gün ərzində tamamilə məhv edilə bilər. Nəticədə karxanaların ətrafında torpaq örtüyü sıradan çıxır və təbii bərpa prosesi olduqca çətinləşir. Karxanalar biomüxtəlifliyin azalmasına da səbəb olur. Sürünənlərin, quşların və digər canlıların təbii yaşayış arealları parçalanır, onların miqrasiya yolları kəsilir. Bu proses xüsusilə balıq populyasiyasına ciddi mənfi təsir göstərir. Məsələn, vaxtilə kürü tökmək üçün dağ çaylarına hərəkət edən keçici balıqların yolları karxanalar və onların yaratdığı maneələr səbəbindən bağlanıb. Bu isə həmin növlərin çoxalmasına və populyasiyasının qorunmasına mənfi təsir edən əsas amillərdən biridir”.

Ekoloq deyib ki, digər ciddi problem toz çirklənməsidir:

“Karxanalarda aparılan qazıntı və daşınma işləri nəticəsində atmosferdə asılı hissəciklərin miqdarı artır. Toz çirklənməsi həm ətraf yaşayış məntəqələrinə, həm də regionun ekoloji vəziyyətinə ciddi mənfi təsir göstərir. Yeraltı və səth suları da bu prosesdən zərər görür. Dərin qazıntılar qrunt sularının səviyyəsini dəyişdirir, səth sularının hidrologiyasına təsir edir və onların çirklənməsinə səbəb olur. Nəticədə geohidroloji rejim pozulur, təbii su ehtiyatları deqradasiyaya uğrayır və ekosistemlər zədələnir. Karxanaların yaratdığı digər problem tullantılarla bağlıdır. İstər fəaliyyətdə olan, istərsə də istismarı başa çatmış karxanalar ətraf yaşayış məntəqələri üçün qanunsuz bərk məişət tullantılarının toplandığı ərazilərə çevrilir. Ətraf kəndlərdən, yaşayış məntəqələrindən, kiçik istehsal sahələrindən və təsərrüfatlardan çıxan tullantılar, kənd təsərrüfatı qalıqları və peyin nəzarətsiz şəkildə həmin ərazilərə tökülür. Xüsusilə Bakının ətrafında yerləşən və yaşayış məntəqələrinə yaxın olan karxanaların əksəriyyəti faktiki olaraq qanunsuz tullantı poliqonu funksiyasını yerinə yetirir”.

A.Mustayev diqqətə çatdırıb ki, karxanalar vizual çirklənməyə də səbəb olur:

“Yaşıllıqla zəngin, estetik baxımdan cəlbedici təbiət ərazilərində karxanaların salınması həmin yerlərin görünüşünü tamamilə dəyişir, onların turizm və ekoturizm potensialını zəiflədir, təbii gözəlliyi məhv edir. Ən mürəkkəb problemlərdən biri də rekultivasiya məsələsidir. Karxanaların istismarı başa çatdıqdan sonra həmin ərazilərin bərpası çox mürəkkəb, bahalı və uzunmüddətli prosesdir. Rekultivasiya üçün ciddi maliyyə vəsaiti, texnika, vaxt və peşəkar yanaşma tələb olunur. Təəssüf ki, mövcud vəziyyətdə halların böyük əksəriyyətində istismar edilmiş karxanalar rekultivasiya olunmadan olduğu kimi qalır. Şübhəsiz ki, daş, qum, çınqıl və digər mineral-xammal ehtiyatlarından istifadə iqtisadi baxımdan zəruridir. Lakin bu fəaliyyət təbii landşaftların və ekosistemlərin məhv edilməsi hesabına həyata keçirilməməlidir. Xalq təsərrüfatının ehtiyacları təbiətin dağıdılması bahasına ödənilməməlidir. Məsələn, Abşeron yarımadasında, xüsusilə Xəzər və Abşeron rayonlarının ərazisində onlarla nöqtədə qanunsuz qum hasilatı aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları ərazilərdə bu cür qanunsuz fəaliyyətlərin qarşısını alsalar da, ertəsi gün başqa bir ərazidə yenidən eyni hallara rast gəlinir. Gündüz saatlarında aparılan reyd və yoxlamalardan sonra bəzi işbazlar gecənin yaratdığı fürsətdən istifadə edərək qanunsuz daşınma işləri həyata keçirirlər. Əlbəttə ki, bu da ekologiyaya ciddi ziyan vurur”.

Aysel Muxtar