Azərbaycanda son onilliklər ərzində yay mövsümünün daha uzun və isti keçməsi, yaz və payız fəsillərinin isə əvvəlki dövrlərlə müqayisədə qısalması və qeyri-sabit hava şəraiti ilə müşayiət olunması müşahidə edilir. Bu tendensiyalar iqlim dəyişmələrinin təsirlərinin qiymətləndirilməsi və elmi əsaslarla planlaşdırılmasının zəruriliyini aktuallaşdırır.

Bu barədə Ekologiya.az-a institutdan məlumat verilib.

Mütəxəssislərin fikrincə, iqlim dəyişmələri əsasən havanın orta temperaturunun yüksəlməsi ilə əlaqələndirilsə də, bu proses təkcə istiləşmə ilə məhdudlaşmır. 

Havanın orta temperaturunun artması müəyyən ərazilərdə və regionlarda lokal və qlobal miqyasda istiləşməni gücləndirsə də, atmosferdə rütubətin artması və hava axınlarının dəyişməsi nəticəsində bəzi isti və quraq bölgələrdə uzun fasilədən sonra nadir qar hadisələri də müşahidə oluna bilir.

Qeyd olunub ki, uzunmüddətli istiləşmə fonunda qısamüddətli və lokal xarakterli soyuq hava hadisələrinin, o cümlədən nadir qar yağıntılarının baş verməsi mümkündür. Bu baxımdan, iqlim dəyişmələrinin yalnız temperaturun yüksəlməsi ilə izah edilməsi düzgün yanaşma hesab edilmir. Dünyanın ayrı-ayrı bölgələrində istiləşmə prosesi üstünlük təşkil etsə də, bəzi ərazilərdə əks tendensiyalar müşahidə olunur. Bununla belə, qlobal miqyasda ümumi istiləşmə meyli davam edir.

Araşdırmalara görə, qlobal istiləşmə yalnız ekoloji deyil, həm də iqtisadi baxımdan ciddi nəticələr doğurur. Əvvəlki dövrlərdə bu proses əsasən ekosistemlərə təsiri ilə qiymətləndirilsə də, hazırda onun kənd təsərrüfatı, su ehtiyatları, enerji təminatı və digər sahələr üçün yaratdığı risklər daha qabarıq şəkildə özünü göstərir.

Qlobal iqlim dəyişmələri mövsümlərin ənənəvi ritmini də dəyişir. Bir çox regionlarda yaz və payız fəsillərinin müddəti qısalır, onların xarakterik xüsusiyyətləri zəifləyir. Nəticədə il ərzində uzunmüddətli isti və quraq yay mövsümü, eləcə də nisbətən qısa, mülayim və dəyişkən qış dövrü daha aydın nəzərə çarpır.